Ceyhun Bayramov Qui-Yeop Son ilə görüşdü
3 mart 2025-ci il
tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT-nin
İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru
Qui-Yeop Sonu qəbul edib.
TodayPress xəbər verir ki, görüş zamanı Azərbaycan-BMT əlaqələrinin cari
vəziyyəti və perspektivləri, BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin
icrası istiqamətində əməkdaşlığın müxtəlif aspektləri, eləcə də bu əməkdaşlığın
yeni dövrün reallıqlarına və Azərbaycanın dayanıqlı inkişaf sahəsində milli
prioritetlərinə uyğunlaşdırılaraq daha da təkmilləşdirilməsi istiqamətində
fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 2 mart 2025-ci il tarixinin Azərbaycanın BMT-yə üzv
olaraq qəbul edilməsinin 33-cü ildonümünə təsadüf etdiyini və ötən 33 il
ərzində Azərbaycanla BMT sisteminə daxil olan qurumlar arasında əməkdaşlığın
səmərəli və konstruktiv şəkildə qurulduğundan məmnunluq duyduğunu bildirib.
Xüsusilə müstəqilliyinin ilk illərində ərazilərinin işğalı və 1 milyona yaxın
qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın qarşılaşdığı
iqtisadi və sosial çağırışlara qarşı mübarizədə dəstək vermək məqsədilə həmin
dövrdən etibarən ölkəmizdə fəaliyyətə başlayan bəzi BMT qurumları ilə həyata
keçirilmiş əməkdaşlığın Azərbaycanda institusional inkişaf və qabiliyyət
quruculuğuna mühüm töhfə verdiyi bildirilib.
Eyni zamanda, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə Azərbaycan
Respublikasının əldə etdiyi sosial-iqtisadi tərəqqinin sosial profilli
layihələrin icrasında ölkənin öz daxili resurs və imkanlarına arxalanmağa
şərait yaratdığı, Azərbaycanın bir sıra BMT qurumları vasitəsilə bir çox
ölkələrə donorluq fəaliyyəti göstərdiyi xüsusilə qeyd olunub.
Bununla
əlaqədar, Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıqdakı prioritetlərini
yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli
istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi
BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun
şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi
müqabil tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın
artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə
çevrilməsi ilə əlaqədar, dövrün tələblərinə uyğun olaraq, BMT ilə əməkdaşlıqda
BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə
əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək
əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam
etdiriləcəyi qeyd olunub.
Qui-Yeop Son ölkəmizi COP29-un uğurlu təşkilatçılığı və əldə olunan tarixi
nəticələr münasibətilə təbrik edərək, bu istiqamətdə Azərbaycanla BMT sistemi
arasında həyata keçirilmiş əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib.
Xanım Son BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dəstək
istiqamətində hökumət ilə yüksək səviyyəli əməkdaşlıqdan və tərəfdaşlıqdan
məmnunluq ifadə edib. O, milli inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf
Məqsədlərinə dəstək üçün Azərbaycan hökuməti ilə tərəfdaşlıq və əməkdaşlığı
davam etdirməyə hazır olduqlarını qeyd edib.
tag: Ceyhun Bayramov, XİN, BMT, QUİ-Yeop, Azərbaycan, todaypress.az,