Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun
Bayramov İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının
(D-8) baş katibi İsiaka Abdulqadir İmam ilə görüşüb.
TodayPress Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən
xəbər verir ki, görüşdə Azərbaycanın D-8-ə üzvlüyündən irəli gələn əməkdaşlıq
məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə
olunub.
Ceyhun Bayramov D-8-in ötən ilki sammiti çərçivəsində
ölkəmizin Təşkilata üzv seçilməsinin Azərbaycanın artan regional və beynəlxalq
nüfuzunun, habelə Təşkilat tərəfindən göstərilən etimadın təcəssümü olduğunu
məmnunluqla qeyd edib.
Üzvlüyümüzün öz növbəsində D-8-in tarixində ilk
genişlənmə olaraq tarixə düşdüyü, öz növbəsində ölkəmizin təmsilçiliyinin, o
cümlədən Təşkilatın coğrafiyasının genişlənməsində mühüm rol oynadığı qeyd
edilib.
Azərbaycanın bundan sonra da ikitərəfli əsasda, o
cümlədən D-8 çərçivəsində üzv dövlətlərlə əməkdaşlığın gücləndirilməsi
istiqamətində səylərini əsirgəməyəcəyi qeyd olunub.
Tərəflər, eyni zamanda D-8 çərçivəsində müxtəlif, o
cümlədən siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, kommunikasiyalar, humanitar,
təhsil və s. sahələr üzrə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu
qeyd edərək, bu istiqamətdə gələcək planlar üzrə müzakirə aparıblar.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə
dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və
quruculuq işləri barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
tag: XİN, Ceyhun Bayramov, XİN, D-8, Azərbaycan, todaypress.az,