Çexiyada mina qurbanlarına həsr olunmuş fotosərgilər keçirildi - FOTOLAR

Siyasət

14.10.2024 16:05

Okyabrın 12-si və 13-ü Çexiyanın paytaxtı Praqa şəhərində mina qurbanlarına həsr olunmuş fotosərgilər keçirilib. 

TodayPress xəbər verir ki, fotosərgilər “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Çexiyada fəaliyyət göstərən “Land of Fire” təşkilatının dəstəyi ilə həyata keçirilib.

“Düyməni sıxan ayaqlar” adlı ilk fotosərgi insanların daha çox hərəkət etdiyi ərazidə qurulub. Bununla da çoxlu sayda turist və yerli sakin fotosərgini ziyarət edə bilib.

Sərginin ikinci günündə Praqa və Avropanın digər şəhərlərində yaşayan azərbaycanlılar da fotolarla yaxından tanış olublar. 

Layihə rəhbəri Rəşad Mehdiyev bildirib ki, iki gün davam edən sərgilər zamanı minlərlə insan Azərbaycanda bu günə qədər davam edən mina terroru ilə bağlı ətraflı məlumat əldə edib. Sərgidə nümayiş olunan fotoşəkillər peşəkar fotoqraf Famil Mahmudbəyli tərəfindən çəkilib. Hər bir fotonun yanında məlumat xarakterli lövhələr də təqdim olunub. 

Qeyd edək ki, fotosərgilər “Təhlükənin kulMİNAsiya nöqtəsi” adlı fotolayihənin tərkib hissəsidir. Layihənin əsas məqsədi mina qurbanlarının sayının artmasının qarşısının alınmasına dəstək vermək, müxtəlif dövrlərdə Azərbaycan Respublikasının ərazisində mina partlayışları nəticəsində zərərməkmiş insanların düşdüyü vəziyyətlərini fotolar vasitəsilə göstərmək, onların acı həyat hekayələrini öz dillərindən eşitmək, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir.

tag: Çexiya ,Fotosərgilər ,Praqa ,Avropa ,Sərgi ,todaypress.az,

photo
photo
photo