“Bu bizim münasibətlərimizin ruhuna uyğun olmayan bir davranışdır”: Polşa C.Qafqazda nə axtarır? - ŞƏRH

Siyasət

04.01.2025 15:30

“Polşa Azərbaycanın həm Cənubi Qafqaza, həm də Avropaya hansı faydalar verə biləcəyini və hansı təsir imkanlarına malik olacağını çox yaxşı bilir”.   

Politoloq Oqtay Qasımov Polşanın Aİ Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapan “Polşa Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına və Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə səy göstərəcək” fikrini TodayPress-ə şərh edərkən bildirib. 

“Polşa Azərbaycan müstəqillik qazanandan onunla normal münasibəti olan Avropa ölkələrindən biridir” deyən politoloq, iki ölkənin mövcud əlaqələrinə diqqət çəkib:

“Bizim münasibətləi kifayət qədər yüksək səviyyədədir. Amma bildiyimiz kimi, ötən ilin noyabrında Polşa Prezidenti Andjey Dudanın Bakıda keçirilən COP29-da iştirak etdikdən sonra Ermənistana səfər etməsi və şərti sərhədə gələrək Avropa İttifaqının mülkü missiyasına baş çəkməsi təbii ki, Azərbaycan tərəfindən narazılıqla qarşılandı. Təbii ki, bu bizim münasibətlərimizin ruhuna uyğun olmayan bir davranış idi”. 

Analitik, Polşanın sədrliyi dönəmində Cənubi Qafqazda vəziyyətin gərginləşəcəyini və burada Polşanın xüsusi rolunun olacağını düşünmədiyini bildirib: 

“Çünki Polşanın hazırda Avropa İttifaqında müəyyən təsir imkanları olsa da, qurumun əsas aparıcı iki ölkəsi Almanya və Fransadır. Polşa eyni zamanda Avropa İttifaqının aparıcı ölkələrindən biri roluna iddia edir və bu statusu qazanmaq istəyir. Bilirik ki, məhz Fransa, Ermənistanı daha ciddi şəkildə dəstəkləyən və ona hərtərəfli yardım edən bir ölkədir. O cümlədən Ermənistanı revanşa həvəsləndirən və sülh prosesini əngəlləyən əsas dövlətlərdən biridir. Amma nəzər almaq lazımdır ki, Avropa İttifaqına sədrlik növbəli sistemdə həyata keçirilir və sədr ölkənin xüsusi bir imtiyazları yoxdur. Bu baxımdan, Polşanın proseslərin gedişinə mənfi yöndə təsir edəcək siyasət yürüdəcəyini ehtimal etmirəm. Çünki bu Polşanın öz maraqlarına da uyğun deyil”.

Xatırldaq ki, Polşa ölkənin Aİ-yə daxil olmasından 20 il sonra, yanvarın 1-dən ikinci dəfə Avropa İttifaqı Şurasına sədrlik edir. Polşa rəsmilərinin sözlərinə görə, ölkənin Aİ Şurasına sədrliyinin əsas məqsədi təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı prioritetləri həyata keçirməkdir. Varşava bu seçimi Rusiyadan Avropa İttifaqına gördüyü təhlükə ilə şərtləndirir.

Günəş Mərd

tag: Polşa , Cənubi Qafqaz,Azərbaycan ,Ermənistan, todaypress.az,

photo