BMTM-də Prezidentin Milli Məclisdəki çıxışı mövzusunda tədbir keçirildi

Siyasət

01.10.2024 16:10

Oktyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib.

TodayPress xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirdə Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında cari qlobal və regional böhranlar fonunda Azərbaycan xarici siyasətinin prioritetləri, ölkəmizin üzləşə biləcəyi təhlükəsizlik çağırışlarına adekvat reaksiya mexanizmləri barədə ətraflı çıxış etdiyini diqqətə çatdırıb. 

F.Şəfiyev qeyd  edib ki, müasir dövrdə hibrid müharibə taktikalarının genişləndiyi bir vaxtda, artıq dövlətlər öz hüdudlarının təhlükəsizliyini hərbi sursatlarla yox, həm də texnoloji imkanlardan faydalanaraq qorumalıdır.  

Azərbaycanın hər zaman milli maraqlara əsaslanan balanslı xarici siyasət yürütdüyünü deyən BMTM sədri ölkəmizin həm Qərb, həm də Şərq ölkələri ilə fəal əməkdaşlıq etdiyini bildirib. O, həmçinin, ABŞ və Avropa İttifaqında Azərbaycan əleyhinə çalışan qüvvələrlə yanaşı, Azərbaycanı dəstəkləyən və əməkdaşlığın inkişafı üçün çalışan qüvvələrin olduğunu vurğulayıb. 

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici siyasət xətti və geosiyasi vəziyyət” mövzusundakı paneldə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycanın regional geosiyasəti formalaşdıran ölkə olduğunu və Ermənistanın kənar qüvvələr tərəfindən silahlandırılmasının bu gerçəkliyi dəyişməyəcəyini bəyan edib. 

Millət vəkili diqqətə çatdırıb ki, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq üçün geniş imkanlar olduğu halda, Ermənistan daxilindəki revanşizm və üçüncü dövlətlərin regiona müdaxilə cəhdləri bu tarixi fürsətdən yararlanmaq imkanlarının qarşısını alır. Azərbaycanın Mərkəzi Asiya, Xəzər regionu, digər regional və qlobal aktorlara münasibətdə fəal xarici siyasət yürütdüyünü deyən R. Musabəyov ölkəmizin bu əlaqələrdə subyektivlik amilini qoruduğunu deyib. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fariz İsmayılzadə çıxışında artan hibrid hücumlara diqqət çəkərək Kanada və Avropa dövlətləri tərəfindən Ermənistana verilən dəstəyin təhlükəsizlik riskləri yaratdığını, Cənubi Qafqazda sülh və əmin-amanlıq əvəzinə rəqabət və silahlanmanı gücləndirdiyini bildirib. F.İsmayılzadə çıxışında iqtisadi potensialın gücləndirilməsinin də vacibliyinə toxunub. 

Milli Məclisin deputatı Qaya Məmmədov Ermənistan daxilindəki revanşist qüvvələrlə yanaşı, hökumətdəki qüvvələrin anti-Azərbaycan siyasətini regional təhlükəsizliyə əsas hədə olaraq dəyərləndirib. Onun sözlərinə görə, Fransa və Hindistanla artan hərbi əməkdaşlıq, böyük atəş gücünə malik silahların tədarükü və xarici məsləhətçilərin Ermənistan ordusuna cəlb edilməsi, bunlarla paralel, minatəmizləmə fəaliyyətlərində Azərbaycana adekvat dəstək göstərilməməsi həmin ölkələrin İrəvanın təcavüzkar siyasətlərinə birbaşa dəstək verməsinin göstəricisidir. Millət vəkili Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdən kənarda saxlanmasını isə ikili standartlar siyasətinin təzahürü olaraq xarakterizə edib. 

Milli Məclisin deputatı Ramid Namazov isə Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı səsləndirdiyi fikirlərin daxili auditoriya ilə yanaşı, Ermənistan və onu dəstəkləyənlər, dost və müttəfiq ölkələrə aid tezislər ehtiva etdiyini qeyd edib. Qarabağ müharibəsinin nəticələrinin bütün dünya tərəfindən tanındığını deyən R. Namazov Ermənistandaxili revanşizm, habelə Fransa, Hindistan kimi ölkələrin Cənubi Qafqaza müdaxilə cəhdlərini əsas təhdid mənbəyi kimi xarakterizə edib. 

Daha sonra BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən “Parlament diplomatiyası və beyin mərkəzləri icması” mövzusundakı paneldə ölkə xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsində parlament fəaliyyətlərinin rolu və beyin mərkəzlərinin sözügedən proseslərə töhfəsi müzakirə edilib.

Tədbir sual-cavab sessiyası ilə davam etdirilib.

Günəş Mərd

tag: BMTM,İlham Əliyev,Milli Məclis,Çıxış,Müzakirə,todaypress.az,

photo
photo
photo
photo