BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru Prezidentin qəbulunda oldular - YENİLƏNDİ
Siyasət
27.06.2024 16:17
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş
katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru
İnger Andersonu qəbul edib.
TodayPress xəbər
verir ki, İnger Anderson COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini
çatdırdı. Bildirdi ki, ölkəmiz qlobal iqlim dəyişiklikləri məsələsinin müzakirəsi
baxımından bütün dünyanın toplaşdığı bir mərkəzə çevriləcək. O vurğuladı ki, Azərbaycanda
keçiriləcək COP29 çox vacibdir. Belə ki, burada iqlim dəyişikliyi ilə əlaqədar
istər maliyyə, istər şəffaflıq hesabatlarının təqdim olunması və digər
parametrlər nöqteyi-nəzərindən çox ciddi və önəmli qərarların qəbul edilməsi
gözlənilir.
Azərbaycanın COP29-a
ev sahibliyi etməsinin həqiqətən də ölkəmizin iqlim dəyişikliyi məsələsində
liderliyinin təcəssümü və nümunəsi olduğunu deyən qonaq “Troyka” mexanizminin
yaradılmasını çox vacib bir addım kimi dəyərləndirdi və bu müdrik qərara görə təbriklərini
çatdırdı.
İnger Anderson əlavə
etdi ki, dünya qazıntı yanacağından yeni yanacaq növünə doğru keçid prosesindədir.
O dedi ki, buna görə də neft və qaz ixrac edən ölkələrin tənqid olunması cəhdləri
ədalətli deyil və şəxsən bunu ədalətli hesab etmir. Qonaq vurğuladı ki, dünyada
hər bir insanın bu cür enerji formasına ehtiyacı var.
Azərbaycanın yaşıl
iqlim və yaşıl keçid nöqteyi-nəzərindən qəti siyasi iradə nümayiş etdirdiyini
vurğulayan İnger Anderson metan öhdəliyi, dekarbonizasiya, neft və qaz sənayesinin
modernləşdirilməsi istiqamətində ölkəmizdə atılan addımların önəmli olduğunu
qeyd etdi.
Azərbaycanda milli səviyyədə
ətraf mühit istiqamətində həyata keçirilən tədbirləri çox təqdir edərək buna
görə təbriklərini çatdıran qonaq xüsusilə rəqəmsal əsaslı və “ağıllı kənd təsərrüfatı”
konsepsiyasının inkişaf etdirilməsi, tullantıların idarə edilməsi, ətraf
mühitin, Xəzər dənizinin ekoloji mühitinin və biomüxtəlifliyin qorunması və digər
istiqamətlərdə ölkəmizdə həyata keçirilən tədbirləri, Azərbaycanda bu ilin
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini yüksək qiymətləndirdi.
İnger Anderson ölkəmizə
səfəri çərçivəsində ətraf mühit sahəsində fəaliyyət göstərən gənclər təşkilatı
- IDEA-nın ətraf mühit könüllüləri və gəncləri ilə görüşdüyünü, Şirvan milli
qoruğunda olduğunu məmnunluqla qeyd etdi.
Rəhbərlik etdiyi
qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini bildirən qonaq
2026-cı il iyunun 5-də Dünya Ətraf Mühit Günü münasibətilə UNEP-in xətti ilə Azərbaycanda
Dünya Ətraf Mühit Gününün keçiriləcəyini və bunun da qlobal miqyasda ətraf
mühit baxımından ən vacib tədbirlərdən biri olduğunu dedi.
Xoş sözlərə görə
minnətdarlıq edən Prezident İlham Əliyev UNEP ilə Azərbaycan arasında əməkdaşlıqdan,
İnger Andersonun regionlarımıza səfər edərək oradakı ekomühitlə tanış
olmasından və gənclərlə görüşündən məmnunluğunu bildirdi.
Azərbaycanın neft və
qaz ixrac edən ölkə olmasına baxmayaraq, yaşıl enerjiyə keçid sahəsində
planlarına toxunan dövlətimizin başçısı dedi ki, bu, siyasi iradəmizin olduğunu
göstərir.
Prezident İlham
Əliyev 200-ə yaxın dövlətin Azərbaycanın COP29-a sədrliyini yekdilliklə dəstəkləməsini
ölkəmizə olan etimadın göstəricisi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı
bildirdi ki, Azərbaycan COP29-un sədri olaraq dünya ölkələri arasında körpülərin,
etimadın və həmrəyliyin qurulmasına öz töhfəsini verəcək.
Prezident İlham
Əliyev vurğuladı ki, ölkəmiz Qlobal Cənubu təmsil edir və 2019-2023-cü illərdə
Qoşulmama Hərəkatının sədri olan və Avropa İttifaqı ölkələri ilə də yaxşı əlaqələrə
malik Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında da iqlim dəyişikliyi
mövzusunda həmrəyliyin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək.
Dövlətimizin başçısı
qeyd etdi ki, ölkəmiz kiçik ada dövlətlərinin problemlərini prioritet istiqamətlərdən
biri kimi müəyyən edib və “Troyka” çərçivəsində digər həmkarlarla bu məsələ ilə
bağlı da yaxından işləyir.
Azərbaycanın özünün
də iqlim dəyişikliyi problemlərindən əziyyət çəkdiyini deyən Prezident İlham
Əliyev qeyd etdi ki, bir dövrdə Azərbaycanda quraqlıq halları, yağıntının
miqdarının azalması baş verirdisə, son dövrlərdə yağıntının miqdarının artdığı
müşahidə olunmaqdadır.
Söhbət zamanı
tullantıların idarə olunması, Xəzər dənizinin ətraf mühit məsələləri, onun
suyunun azalması və bu istiqamətdə daha sistemli işin, həmçinin əməkdaşlığın həyata
keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
tag: BMT, Baş Katib, İlham Əliyev, Prezident, İnger Anderson, todaypress.az,