BMT-də Azərbaycanın mina problemi ilə bağlı sərgi təşkil edildi
Birləşmiş Millətlər Təşkilatının (BMT)
Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycanın mina problemi və işğaldan azad
edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə prosesini əks
etdirən fotosərgi açılıb.
TodayPress xəbər verir ki, sərgi Azərbaycanın BMT-dəki
Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilib. Burada azad
edilmiş ərazilərdə aşkarlanan mina və partlamamış sursatları əks etdirən 40-dan
çox foto nümayiş olunur.
Sərgidə Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinin (ANAMA) minatəmizləmə fəaliyyəti geniş şəkildə təqdim edilib.
Fotolarda mina təmizləmə işlərində iştirak edən mütəxəssislər, onların istifadə
etdiyi zirehli geyim dəstləri, mina detektorları, müxtəlif təlim sursatları və
işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Ağdam, Tərtər, Xankəndi rayonlarında
aşkarlanan partlayıcı vasitələr və müxtəlif mina növləri yer alıb.
Sərgidə mina partlayışlarından sonra qalan dağıntılar,
yararsız hala düşmüş avtomobillər, minatəmizləmə fəaliyyətlərinə cəlb edilmiş
xüsusi təlim keçmiş siçanlar və mina aşkarlayan itlərin görüntüləri də yer
alıb.
Sərgi 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və
Minatəmizləmə Fəaliyyətinə Yardım Gününə həsr olunub və dünya ictimaiyyətinin
diqqətini Azərbaycanın mina probleminə yönəltmək məqsədi daşıyır.
Qeyd edək ki, Azərbaycan dünyada mina təhlükəsindən ən
çox əziyyət çəkən ölkələrdəndir. 30 illik işğal dövründə Ermənistan silahlı
birləşmələri tərəfindən tarixi torpaqlarımızda 1 milyondan çox mina basdırılıb.
Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən
biridir və hazırda bu fəaliyyətin 90 faizindən çoxu ölkənin daxili resursları
hesabına həyata keçirilir.
4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə
Fəaliyyətinə Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyası tərəfindən
müəyyən edilib və hər il qeyd olunur. Bu tarix çərçivəsində Azərbaycan BMT-də
bir sıra tədbirlərə təşkilatçılıq edəcək.
tag: ANAMA, BMT, Mina, Sərgi, Azərbaycan, todaypress.az,