Bişkekdə İlham Əliyevə “Çingiz Aytmatov” ordeni" təqdim edildi - YENİLƏNDİ - FOTO
Siyasət
05.11.2024 17:22
Noyabrın 5-də
Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov”
ordeni təqdim edilib.
TodayPress xəbər
verir ki, dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun
ev-muzeyinə gəldi.
Prezident İlham
Əliyev əvvəlcə ev-muzeyi ilə tanış oldu.
Məlumat verildi
ki, muzey Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında - 1986-cı ildən
yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük
oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə
burada yaşayıblar.
Ev-muzeyi
Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü
ilə 2014-cü il dekabrın 12-də açılıb.
Çingiz
Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün
ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb.
Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları
qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana
yerləşir.
Evin ikinci
hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul
olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə
yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə
olunur.
Dövlətimizin
başçısı ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazdı.
Qeyd edək ki,
dünyaşöhrətli yazıçının zəngin bədii irsinə Azərbaycanda da hər zaman böyük
maraq olub. Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri”
adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə bir nömrəli “Dostluq” ordenini
Çingiz Aytmatova təqdim edib. Azərbaycan və Qırğızıstan prezidentlərinin
iştirakı ilə bu il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun abidəsi
açılıb.
Sonra Prezident
İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimi oldu.
Çingiz Aytmatov
Fondunun prezidenti Eldar Aytmatov çıxış edərək dedi:
-Hörmətli cənab
Prezident, hörmətli qonaqlar.
Bu gün mən
“Çingiz Aytmatov” ordenini Azərbaycan Respublikasının Prezidenti İlham Heydər
oğlu Əliyevə təqdim etmək şərəfinə nail oluram. Bu mükafat dərin hörmətin və
yüksək nüfuzun rəmzidir. Bu, humanist dəyərlərin möhkəmləndirilməsinə, mədəni
dialoqun dəstəklənməsinə və böyük yazıçımızın yaradıcı irsinin qorunub
saxlanmasına Sizin verdiyiniz müstəsna töhfəyə görə minnətdarlıq əlamətidir.
Çingiz Aytmatov
yalnız yazıçı deyil, həm də xalqlar arasında sülh, qarşılıqlı anlaşma və birlik
ideyalarını təbliğ edən əsl körpü olub. Cənab Prezident, bu gün biz bu prinsiplərin
Sizin fəaliyyətinizdə necə təcəssüm etdiyini görürük. Sizin rəhbərliyinizlə Azərbaycan
mədəniyyətlərarası mübadilənin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir,
digər ölkələrlə dinc və yaradıcı münasibətləri təşviq edir.
İcazə verin,
xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və Çingiz Torekuloviçin həyatını
həsr etdiyi dəyərlərin təbliğində yorulmaz səylərinizə görə Çingiz Aytmatov
Beynəlxalq Fondu adından Sizə dərin təşəkkürümü bildirim. İnanırıq ki, Sizin səyləriniz
sayəsində Aytmatovun adı bundan sonra da xalqları birləşdirəcək, mədəni tərəqqi
və humanizm rəmzi olacaqdır.
Dərin hörmət və
qürur hissi ilə Sizə müasir dünyada və ümumi mədəni irsimizin qorunub
saxlanmasında oynadığınız rola verilən yüksək qiymətin əlaməti olan “Çingiz
Aytmatov” ordenini təqdim edirəm. Sağ olun.
Prezident İlham
Əliyev: Sağ olun.
Eldar Aytmatov:
İcazənizlə, ordeni təqdim edim.
Prezident İlham
Əliyev: Bəli, əlbəttə.
Dövlətimizin
başçısına “Çingiz Aytmatov” ordeni təqdim edildi.
Eldar Aytmatov:
Qeyd etmək istəyirəm ki, bu bir nömrəli orden Azərbaycan Prezidenti İlham Heydər
oğlu Əliyevə təqdim olunur və həmçinin ilk dəfə Azərbaycanın bir nömrəli
“Dostluq” ordeni Azərbaycan Prezidenti tərəfindən Çingiz Aytmatova təqdim
edilib. Sağ olun.
Prezident İlham
Əliyev çıxış edərək dedi:
-Sağ olun. Bu
yüksək mükafata görə çox sağ olun. Fəaliyyətimə verilən bu qiymətə görə Çingiz
Aytmatov Fonduna, həmçinin onun ailə üzvlərinə və yaxınlarına minnətdarlığımı
bildirmək istəyirəm. Həm də bu ordeni onun yaşadığı, işlədiyi, yazıb-yaratdığı,
ruhunun indi də dolaşdığı evdə almaq mənim üçün böyük şərəfdir. Mən buraya gələrkən
təbii ki, Çingiz Torekuloviçin evinin necə olması barədə fikirləşirdim və məhz
orada rahat, isti, yaxşı, yaxınlarının, əzizlərinin əhatəsində olduğu,
yaşadığı, işlədiyi və böyük sənət yaratdığı evi gördüm. Onun yaradıcılığı bütün
dünyaya məxsusdur. Qeyd etdiyiniz kimi, onun kitabları 185 dilə, demək olar ki,
bütün dillərə tərcümə olunub. Bu gün sizdən öyrəndim ki, onun kitablarının
yenidən, xüsusən, yeni tərcümədə nəşrinə tələbatın olması onu göstərir ki,
Çingiz Aytmatovun həyata, insanlara, təbiətə, öz xalqına münasibətdə sözünə,
fikirlərinə ehtiyac var. Sözsüz ki, onun yaradıcılığı bütün mümkün sədləri ötüb
keçib və əbədi olaraq oxucuları sevindirəcək, düşünməyə, yəqin ki, bir çox məsələləri
yenidən başa düşməyə sövq edəcək. Çünki onun yaradıcılığını çox sevən və bir
çox əsərlərini oxuyan insan kimi deyə bilərəm ki, məhz onlar səni düşünməyə, hətta
cəmiyyətə, dünyaya, təbiətə, öz fəaliyyətinə nəzər salmağa vadar edir. Atam
Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də
bütün Türk dünyasının fəxridir. Artıq dediyim kimi, o, dünyaşöhrətli yazıçı,
ictimai xadim idi və onun əsərləri müxtəlif mədəniyyətlərə məxsus, müxtəlif qitələrdən
olan insanlar tərəfindən başa düşülürdü. Amma, eyni zamanda, onun əsərlərini
oxuduqda görürsən ki, Çingiz Aytmatov məhz öz ölkəsinin, öz xalqının problemlərinə
dərindən nüfuz edirdi, öz xalqının nümayəndələrini təsvir edirdi. Yəni, o, sırf
milli yazıçı idi, eyni zamanda, bütün dünya tərəfindən başa düşülürdü. Zənnimcə,
onun mütəfəkkir kimi nadirliyinin sirri də bundadır.
Çingiz Aytmatova Azərbaycanda olan münasibətə gəldikdə, zənnimcə, bu barədə danışmağıma ehtiyac yoxdur. Onu bir insan kimi sevirdilər, onun çoxlu dostu var idi, bir sıra fotoşəkillər onun Azərbaycanın mədəniyyət xadimləri ilə görüşlərini əks etdirir. Həmçinin Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə böyük hörmətlə yanaşırdılar, onların çoxlu görüşləri olmuşdur və mənim atamdan gətirdiyim sitat məhz onun Çingiz Torekuloviçə bəslədiyi hisslərin təzahürüdür.
Bizim
görüşümüzü xatırlayıram, yeri gəlmişkən, 2008-ci ildə görüşümüzü əks etdirən
fotoşəkil digərləri ilə birlikdə burada nümayiş etdirilir. Siz də qeyd etdiniz
ki, ilk “Dostluq” ordeni Çingiz Aytmatova təqdim olunub. Həmin vaxt bu orden mənim
tərəfimdən, mənim təşəbbüsümlə yenicə təsis olunmuşdu. Açığını desək,
düşünürdüm ki, hər halda rəqəmlərdə bir rəmzilik var, fikirləşirdim ki, bu bir
nömrəli ordeni kimə təqdim edək. Sözsüz ki, ilk ağlıma gələn o oldu ki, onu
Türk dünyasının hər hansı bir nümayəndəsinə verək. Sonradan sanki fikirlər
ard-arda gəldi və qərar verildi. Bəlkə də bədahətən oldu, amma digər tərəfdən,
bədahətən verilən bütün qərarlar bundan əvvəlki həyatda, öncəki zamanda sənin tərəfindən
dərindən düşünülüb. Ona görə də bu, tamamilə şüurlu, yeganə düzgün qərar idi. O
da bizim üçün xüsusi qürur mənbəyidir ki, bir nömrəli “Dostluq” ordeni Çingiz
Torekuloviçə təqdim edilib. Mən bu il Bakıda onun abidəsinin açılışında çıxış
etdim. Çingiz Aytmatovun heykəli mərkəzi küçələrdən birində ucaldılıb. Mən
dedim ki, onun tezliklə aramızda olmayacağını güman etmirdik. Çünki o, Bakıya
yaxşı əhvali-ruhiyyədə gəlmişdi, biz onunla çoxlu söhbət etdik, o, gələcək
planlarından danışırdı, çox yaxşı görünürdü, mən buna ürəkdən sevindim. Amma
bir neçə aydan sonra o, vəfat etdi. Əlbəttə, bu, kədər hissi doğurur, çünki o,
hələ yaşaya, öz yaxınlarını sevindirə, onları qayğısı və şəfqəti ilə əhatə edə,
həmçinin məhz bu gün aktual olan xeyli sayda əsər yarada bilərdi. Çünki onun bu
dünyadan köçdüyü vaxtdan bəri həm bizim regionumuzda, həm də dünyada çoxlu
hadisələr baş verib, zənnimcə, onun sözü çox mühüm olardı, təkcə bizim
regionumuz üçün deyil, həm də ümumilikdə dünya siyasəti üçün. Çünki o,
yaradıcılıq fəaliyyəti ilə yanaşı, həmçinin çox nüfuzlu ictimai xadim idi.
Məni Çingiz
Torekuloviçin ocağına dəvət etdiyiniz, bu mükafata layiq gördüyünüz üçün sizə
bir daha təşəkkür etmək istəyirəm. Sizi yaxın vaxtlarda Bakıya dəvət etmək, ailənizlə,
Çingiz Torekuloviçin balaca davamçıları ilə birlikdə qonağımız olmağınızı istəyirəm.
Onun abidəsini ziyarət etsinlər və onu tanıyanlarla, sevənlərlə ünsiyyətdə
olsunlar. Bir daha təşəkkür edirəm.
Eldar Aytmatov:
Çox sağ olun.
***
Daha sonra
Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi
arxasında söhbət etdilər.
Sonda
qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.
***
13.50
Noyabrın 5-də
Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov”
ordeni təqdim edilib.
tag: Prezident, İlham Əliyev,Çingiz Aytmatov Ordeni, Bişkek, todaypress.az,