Baş tutmayan görüş: Avropa Ukraynanı yarı yolda qoyacaq?
“Avropa Ukraynanı yarı yolda qoymayacaq, amma ABŞ-nin də planlarında fərqli niyyətlər sezilir”.
Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress-ə danışarkən deyib.
O hesab edir ki, Avropa İttifaqı (Aİ) bundan sonra da Ukraynanı dəstəkləməyə davam edəcək, lakin Birləşmiş Ştatların siyasətində bəzi ziddiyyətli yanaşmalar müşahidə olunur.
“Avropanın Ukraynanı yarı yolda qoyacağı fikri ilə razı deyiləm. Sadəcə olaraq, burada ABŞ-nin Ukrayna əleyhinə müəyyən təklifləri diqqət çəkir. Xüsusilə Amerikanın Krımın Rusiya ərazisi kimi tanınmasına dair bəzi təklifləri gündəmdədir”.
Analitikin sözlərinə görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali komissarı Kaya Kallas da Krım məsələsində Ukraynanın ərazi bütövlüyünün danışıqlar mövzusu ola bilməyəcəyini açıq şəkildə bəyan edib. Bu o deməkdir ki, Avropa dövlətləri bu məsələdə ABŞ-dən fərqli mövqe sərgiləyir.
“ABŞ-nin ortaya qoyduğu bəzi təkliflər, xüsusilə Ukraynanın 25 regionu ilə bağlı əlavə şərtlər, əslində Rusiyanın tələblərinə uyğunlaşdırılmış bir planın tərkib hissəsi kimi görünür. Ağ Ev, bir növ, Rusiyanın şərtlərini beynəlxalq gündəmə gətirməyə çalışır. Bu səbəbdən də Ukrayna tərəfi obyektiv olaraq bu proseslərdən imtina edib. Ümumiyyətlə Ukraynanın ərazi bütövlüyünə dair istənilən güzəşt Kiyev üçün qəbuledilməzdir”.
Onun qənaətinə görə, bu gedişat müəyyən səviyyədə razılaşma prosesinin də təməlini qoya bilər:
“Bəlkə də ABŞ, Rusiyanın bütün şərtləri ilə razılaşmadığı üçün London səfərinin təxirə salınması gündəmə gəlib. Ümumilikdə isə, arxa planda diplomatik razılaşmanın ola biləcəyi ehtimalını da istisna etmirəm” politoloq əlavə edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio və Ağ Ev prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff aprelin 23-də Londonda Fransa, Britaniya və ukraynalı həmkarları ilə Ukrayna müharibəsi mövzusunda keçirilməsi planlaşdırılan görüşdə iştirak etməkdən imtina edib. Görüşü təxirə salınıb. Beynəlxalq ekspertlər bu addımı ABŞ-nin Ukrayna məsələsində artıq maraqlı olmaması kimi dəyərləndiriblər.
Töhfə Səməd
tag: Avropa ,Ukrayna,ABŞ,Avropa İttifaqı,Rusiya,todaypress.az,
