Banqladeşli nazir: “Pulu ön plana qoyub, əməkdaşlığı unutmamalıyıq” - FOTO
Siyasət
18.11.2024 12:53
“Banqladeş mövcud inkişaf modelinin və ya iqtisadi modelin dəyişdirilməsi üçün ciddi şəkildə çalışır. Lakin biz sadəcə dövlətin inkişafını mərkəzə qoyub təbiəti özümüzə uyğun tənzimləməyə çalışmamalıyıq”.
Bunu TodayPress-ə verdiyi açıqlamada Banqladeşin ətraf mühit, meşə və iqlim dəyişikliyi üzrə naziri Rizvana Həsən deyib.
Onun sözlərinə görə, dünyanı daha yaxşı və yaşana bilən yerə çevirmək üçün təbiət məsələlərini mərkəzə qoymalı və inkişaf yolumuzu yenidən müəyyənləşdirməliyik. Çünki təkcə pulun əldə edilməzi bütün problemləri həll etməyəcək:
“Pul vacibdir, lakin problemin miqyası və tezliyi həqiqətən də sürətlə genişlənir. Biz qlobal birlik olaraq təbiətə uyğun və ona hörmətlə yanaşan inkişaf yoluna getməliyik.
Düşünürəm ki, qalıq yanacaq modeli yenidən nəzərdən keçirilməlidir və daha uzun müddətdə davamlı olan bərpa olunan enerjiyə yönəldilməlidir”.
O, Azərbaycanla əməkdaşlıq məsələləri haqqında da danışıb. Nazir diqqətə çatdırıb ki, Bakıya dünən çatdığına görə, hələ ki, ağlında əməkdaşlıqla bağlı dəqiq məsələlər yoxdur. Lakin mövcud əməkdaşlıq yolları gözdən keçirilir.
Rizvana Həsənin fikrincə, Azərbaycan və Banqladeşin reallıqları fərqli olsa da, əməkdaşlıq edilə biləcək iqlim dəyişikliyi sahələri var. “Qərb idarəçiliyindən qurtulmaq, daha çox yaşıllaşdırma, “mavi iqtisadiyyat” və s. sahələrdə məncə, Azərbaycanla daha sıx əməkdaşlıq edə bilərik” deyə o fikrini bildirib.
Töhfə Səməd
tag: Banqladeş,Rizvana Həsən, COP29,Ətraf Mühit, Nazir, todaypress.az,