Bakıda yeni avtomobil yolu istifadəyə verildi: Prezident açılışda iştirak etdi - YENİLƏNDİ
Siyasət
05.08.2024 10:41
Avqustun
5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində
“Cavanşir” körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil
yolunun açılışında iştirak edib.
TodayPress xəbər
verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə”
İnstitutunun direktoru Azər Nemətli dövlətimizin başçısına görülən işlər barədə
məlumat verib.
Qeyd edək ki,
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində nəqliyyatın hərəkətinin
tənzimlənməsi və tıxac probleminin nisbətən azaldılması məqsədilə Xətai rayonu ərazisində
Üzeyir Hacıbəyov küçəsində yerləşən və uzun illər istismar edildiyindən
yükgötürmə qabiliyyətini itirmiş, uzunluğu 202 metr, eni 17,3 metr təşkil edən
12 aşırımlı “Cavanşir” körpüsü sökülərək, yerində şəhər əhəmiyyətli yeni
avtomobil yolunun tikintisi işləri həyata keçirilib. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400
metrdir.
Məlumat
verilib ki, həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz
hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Layihəyə uyğun
olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb,
münbit torpaq qatı verilərək yeni yaşıllıq ərazilər salınıb, ən müasir
işıqlandırma sistemi yaradılıb.
Xatırladaq ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən, uzunluğu 202, eni 17,3 metr olan “Cavanşir” yolötürücüsü dəmir yolu vasitəsilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdi. Həmin ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdi.
***
10.04
Prezident İlham Əliyev “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib.
TodayPress
xəbər verir ki, avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev paytaxtın Xətai rayonu ərazisində “Cavanşir” körpüsünün yerində inşa
olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.
tag: Prezident, İlham Əliyev, Cavanşir Körpüsü,Azərbaycan, Açılış, todaypress.az,