Bakıda “Afrikada Fransanın Neokolonializm siyasəti” müzakirə olundu
Siyasət
03.10.2024 17:15
Oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib.
TodayPress xəbər verir ki, tədbirdə Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri və oradan olan aktivistlər iştirak edib.
Konfransda illərdir Fransanın neokolonializm siyasətinə məhkum olmuş Afrika xalqlarının ümumi problemləri, bunların həll yolları kimi məsələlər müzakirə olunub. İştirakçılar bir sıra məsələlərlə yanaşı, insanların bu siyasətdən necə və nə formada əziyyət çəkməsi haqqında məlumat verib.
Çıxış edənlər arasında fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan tanınmış aktivist Kemi Seba, jurnalist Abdarahman Vone, gender məsələləri üzrə ekspert və Pan-Afrika hərəkatının lideri və digərləri olub. Onlar iqtisadi, siyasi, təhsil və hazırki dünyaya reinteqrasiya ilə bağlı məsələləri dilə gətiriblər.
“Azərbaycanda baş tutan bu görüş Afrika gündəmi üçün vacib olan bir çox mühüm məqamları özündə cəmləşdirərək beynəlxalq arenaya təqdim edir. Bu isə olduqca əlamətdar hadisədir. Bu bizə imkan verir ki, iqtisadiyyat, təhsil və digər məsələlərdə öz sözümüzü deyək. Bugünkü konfrans daha yaxşı və parlaq Afrika inşa etmək üçün lazım olan cavabları, həll yollarını tapmağa, həmçinin afrikalılar arasında ittifaqlar yaratmağa kömək edəcək. Mən bir daha Azərbaycan hökumətinə və xalqına öz minnətdarlığımı bildirirəm” deyə Pan-Afrika Gənclər Hərəkatının İcraçı direktoru Aşleq Simanqoliso Funye çıxışında bildirib.
Qeyd edək ki, konfrans 3 panel sessiyadan ibarət olub. Buna əsasən, “Qloballaşan dünyada suverenliyin mahiyyəti”, “Afrikanın inkişafı üçün iqtisadiyyatın dekolonizasiyası” və “Afrika kimliyinin yenidən qurulması üçün sosial azadlıq” başlıqlı sessiyalar keçirilib.
Töhfə Səməd
tag: Fransa ,Afrika ,Aşleq Simanqoliso Funye ,Burkina Faso ,Kamerun ,todaypress.az,