Azərbaycanla Qvineya-Bissau arasında siyasi məsləhətləşmələrin iclası keçirildi
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın
Rəfiyev Qvineya-Bissauda səfərdə olub.
XİN-dən TodayPress-ə verilən xəbərə görə, 6-7 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan
Respublikasının hökumət missiyası Azərbaycan və Qvineya-Bissau arasında
ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan
yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə
Qvineya-Bissauda səfərdə olub.
Səfər zamanı nümayəndə heyəti Qvineya-Bissaunun Prezidenti Umaro Sissoco Embalo
tərəfindən qəbul edilib.
Səfər
çərçivəsində həmçinin Baş nazir Rui Duarte Barros, xarici işlər, beynəlxalq
əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereira ilə görüşlər keçirilib.
Səfər zamanı,
Azərbaycan nümayəndə heyətinin Qvineya-Bissaunun iqtisadiyyat, planlaşdırma və
regional inteqrasiya naziri Soares Sambunun rəhbərlik etdiyi nümayəndə heyəti
ilə geniştərkibli görüşü keçirilib. Görüşdə bu ölkənin ətraf mühit və
biomüxtəliflik, təbii ehtiyatlar, kənd təssərüfatı, müdafiə üzrə qurumların və
“Petroguin” neft şirkətinin rəhbərləri təmsil olunub.
Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında son illər ərzində təmasların
intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı
rol oynadığı diqqətə çatdırılıb. Həmçinin, bir sıra istiqamətlər, o cümlədən
neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitar və təhsil
sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq
sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi
vurğulanıb.
Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
ilə Qvineya-Bissaunun Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və İcmalar Nazirliyi
arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi
məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın
Rəfiyev, Qvineya-Bissau tərəfindən isə beynəlxalq əməkdaşlıq üzrə dövllət
katibi Fatumata Jau rəhbərlik edib.
Siyasi
məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama
Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq
məsələləri müzakirə edilib.
Hökumət missiyasına Xarici İşlər, Müdafiə, Müdafiə Sənayesi, İqtisadiyyat, Kənd
Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin,
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Azərbaycan İnvestisiyaların
Təşviqi Fondunun, “Azergold” QSC-nin nümayəndələri daxil olub.