Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Siyasət
11.10.2024 20:38
Madrid şəhərində
Azərbaycan və İspaniya Xarici İşlər nazirlikləri arasında siyasi
məsləhətləşmələrin növbəti iclası keçirilib.
Bu barədə TodayPress-ə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-də baş tutan iclasda Azərbaycan
nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya
nümayəndə heyətinə isə xarici və qlobal işlər üzrə dövlət katibi Dieqo Belio
Martinez rəhbərlik ediblər.
İclas zamanı Azərbaycan və İspaniya arasında siyasi, iqtisadi,
humanitar sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri
müzakirə olunub.
Davamlı siyasi dialoqun əhəmiyyəti və bu xüsusda yüksək
səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi
vurğulanıb.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq
müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələrinin əhəmiyyəti də
vurğulanaraq bu xüsusda qarşılıqlı səfərlərin, ikitərəfli və çoxtərəfli
müstəvidə təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib.
İki ölkə arasında münasibətlərdə iqtisadi əməkdaşlığın, bu
xüsusda qarşılıqlı ticarətin və ispan şirkətlərinin Azərbaycanda fəaliyyətinin
əhəmiyyəti vurğulanıb. İqtisadi əlaqələrin inkişafı üçün ticarətin
şaxələndirilməsi, investisiyaların təşviqi, alternativ enerji, nəqliyyat,
yüksək texnologiyalar, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq imkanlarından
faydalanmağın məqsədəuyğunluğu qeyd olunub.
Humanitar sahədə əlaqələrin, o cümlədən təhsil, mədəniyyət
sahələrində əməkdaşlığın, habelə turizm sektorunda mübadilələrin xalqlararası
təmasların gücləndirilməsində faydalı olduğu qeyd edilib.
Məsləhətləşmələrdə beynəlxalq gündəlikdə dayanan qarşılıqlı
maraq kəsb edən məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam
etdirilməsi də diqqət mərkəzində olub. 2024-cü ilin noyabr ayında Azərbaycanda
keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı qarşı tərəfə
məlumat verilib.
Görüşdə qarşı tərəfə postmünaqişə dövründə bölgədəki vəziyyət və
davamlı sülhün bərqərar olunması istiqamətində Azərbaycanın atdığı addımlar,
habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata
keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.
Səfər zamanı F.Rzayev həmçinin İspaniyanın digər rəsmi şəxsləri
ilə görüşüb, eləcə də tədqiqatçılar və ekspertlərlə dəyirmi masa formatında
keçirilən müzakirələrdə iştirak edib.
tag: Azərbaycan, XİN, İspaniya, Humanitar, todaypress.az,