Azərbaycandan Türkiyəyə dəstək DÜNYAYA MESAJ!
“Azərbaycan Prezident İlham Əliyevin Türkiyə dövlətini və xalqını PKK terror təşkilatının özünü buraxması ilə bağlı təbrik etməsi olduqca önəmli yanaşma tərzidir”.
Politoloq Elçin Xalidbəyli bunu TodayPress-ə danışarkən deyib.
O vurğulayıb ki, Türkiyə kimi Azərbaycan da onilliklər boyu terrordan əziyyət çəkən və çəkməkdə davam edən dövlətdir:
“Türkiyə PKK-dan necə əziyyət çəkirsə, Azərbaycan da erməni terrorizmindən eyni şəkildə əziyyət çəkir və təhlükəsizlik problemləri yaşayır. Bu baxımdan Türkiyənin PKK terror təşkilatı səbəbindən üzləşdiyi problemlər Azərbaycana tanışdır. Azərbaycan bu məsələdə Türkiyəni anlaya biləcək ən öndə gələn dövlətlərdəndir. Bu baxımdan Azərbaycan Prezidenti həm Türkiyəyə, həm region dövlətlərinə, eləcə də bütün dünyaya mesaj verir ki, Azərbaycan terrorizmlə mübarizədə Türkiyənin yanındadır. Bu, çox önəmli mesajdır. Bütün dünyada terrorizmin kökünün kəsilməsi, eləcə də PKK kimi erməni terrorizminin ləğv olunması həm Cənubi Qafqazda, həm Yaxın Şərqdə, həm də bütün dünyada sülhün, sabitliyin və normal həyat şəraitinin bərqərar olunmasında çox vacib prosesdir”.
Ekspertə görə, bütün bunlar növbəti dəfə Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz və davamlı xarakter daşıyacağını göstərir:
“Təbii ki, erməni terrorizminə qarşı mübarizədə də Türkiyə Azərbaycanın yanında yer alacaq. Bu o deməkdir ki, iki qardaş ölkə istənilən istiqamətli terror dalğasına qarşı vahid mövqedən fəaliyyət göstərməyə hazırdır. Bu da həm PKK terror təşkilatının, həm də erməni terrorizminin inkişaf etməsinə qarşı imkan verməyəcək ən önəmli faktordur. Qətiyyən şübhə doğurmur ki, həm PKK, həm də erməni terrorizmi Azərbaycan və Türkiyəni təhdid etməkdən məhrum qalmış olacaqlar. Azərbaycan və Türkiyə təhlükəsizliklərinin təhdid olunmasından birdəfəlik qurtulmağa nail olacaqlar”.
Qeyd edək ki, 1978-cü il mayın 12-də yaradılan və 1984-cü ildə ilk terror aktını həyata keçirən PKK qruplaşması özünü buraxdığını elan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib.
Qiymət Mahir
tag: Elçin Xalidbəyli,Politoloq,Azərbaycan,Türkiyə,Todaypress.az,
