Azərbaycan və Türkiyə prezidentləri İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak edirlər - YENİLƏNDİ
Martın 5-də Ankarada İğdır-Naxçıvan qaz
kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan tədbirdə iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan
Prezidenti İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri
səsləndirildi.
Açılış mərasimində çıxış edən Azərbaycanın energetika
naziri Pərviz Şahbazov bildirdi ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi
Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır
əhalisinin rifahına xidmət edəcək. Layihənin daha bir özəlliyi ondan ibarətdir
ki, bu gün kəmərin maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə
layihənin genişləndirilməsi imkanları da var.
Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri
Alparslan Bayraktar çıxış edərək İğdır-Naxçıvan qaz kəməri layihəsini Türkiyə
və Azərbaycan qardaşlığının daha bir simvolu adlandırdı. Nazir bütün Naxçıvanı
qazla təmin edəcək İğdır-Naxçıvan qaz kəməri layihəsinin ərsəyə gəlməsinə görə
dövlət başçılarına təşəkkür etdi.
Azərbaycan Prezidenti mərasimdə çıxış etdi:
-Hörmətli Cümhurbaşqanı, əziz Qardaşım.
Hörmətli mərasim iştirakçıları.
Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində
önəmli bir gündür – İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir. Burada
deyildiyi kimi, Naxçıvanda hörmətli Cümhurbaşqanı ilə birlikdə bir il yarım
bundan öncə biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl mərasimdə
iştirak edirik.
Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır.
Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun
səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut
edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb
Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz
hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu
ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir
göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı
işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı. Onların planları
Naxçıvanı da işğal etmək idi. Ancaq o zaman mənim atam Heydər Əliyev Naxçıvanın
rəhbəri kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün naxçıvanlılar
səfərbər oldular, öz doğma torpaqlarını qorudular və işğalçını yerində
oturtdular.
Naxçıvanın o zaman işğal altına düşməməsinin
səbəblərindən biri də o idi ki, o zaman Naxçıvanı Türkiyə ilə birləşdirən
“Ümid” körpüsü inşa edilmişdir və Türkiyədən gələn yardımlar Naxçıvanın
qorunmasına çox önəmli töhfə vermişdir.
Bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng
layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi
neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda,
Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə
ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir.
Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən
yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10
Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın
enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə
ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu
problemdən xilas etmiş olacaqdır.
Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz,
eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi. Bu gün
Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl
üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün.
Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük
mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı
birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının
birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var.
Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının
daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk
dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi
təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində
əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi.
Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini,
dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki,
Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu
mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu işlərdə iştirak etmiş
yoldaşlarımıza, dostlarımıza öz adımdan təşəkkürümü bildirirəm. İnşaat işləri
qısa müddət ərzində, cəmi bir ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl
mərasimdə iştirak edirik.
Bir daha hər birimizi, Türkiyəni və Azərbaycanı bu gözəl hadisə
münasibətilə ürəkdən təbrik edirəm, xalqlarımıza, dövlətlərimizə yeni uğurlar
diləyirəm. Sağ olun.
Sonra Türkiyə Prezidenti mərasimdə çıxış etdi:
-Əziz Qardaşım Prezident İlham Əliyev.
Hörmətli nazirlər, hörmətli qonaqlar.
Sizləri ən səmimi duyğularımla, sevgi ilə salamlayıram.
Qardaşım Azərbaycan Prezidenti cənab İlham Əliyevi
Türkiyədə qəbul etməkdən böyük məmnunluq duyduğumu xüsusilə ifadə etmək
istəyirəm. Ona və dəyərli nümayəndə heyətinə Ankaramıza “Xoş gəldiniz!”
deyirəm.
Hazırda qarşımda bu işlərdə əməyi olan fəhlə və mühəndis
qardaşlarımız var. İnşallah, çıxışlarımızı bitirdikdən sonra onlarla birlikdə
Türkiyə və Azərbaycan üçün ayrıca xatirə şəkillərimizi çəkdirəcəyik.
Dəyərli qardaşımın və nümayəndə heyətinin timsalında
Azərbaycan xalqının mübarək Ramazan ayını ürəkdən təbrik edirəm. “Bir millət,
iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük
irəliləyişlər əldə edirik. Ölkələrimiz arasındakı münasibətlər müdafiədən
ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu
əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru
başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft
boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru
kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa
nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük
miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu
sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə
tam uzlaşma içərisindəyik.
Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir
layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan açılışını
edəcəyimiz İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki
strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin
bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda,
gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə
Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək.
Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir
layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq.
Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki,
Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə
ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini
istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi
göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı
hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.
6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə
necə ki, Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac
duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvan ilə elektrik
əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik.
Bu hisslərlə bugünkü mərasimimizin Türkiyə-Azərbaycan
qardaşlığını daha da gücləndirəcəyinə inanıram. Bu mühüm layihənin həyata
keçirilməsinə töhfə verən hər kəsi, bütün qurumlarımızı diqqətlərinə görə,
istər işçisi, istərsə də mühəndisi olmaqla, əməyi keçən bütün şəxsləri təbrik
edirəm. Rəbbim birliyimizi, həmrəyliyimizi, sevgimizi daimi etsin. Layihənin
bütün bölgə üçün xeyirli olmasını arzu edirəm.
İlham qardaşıma səfərə görə xüsusilə şəxsən öz adımdan,
ailəm adından və millətim adından təşəkkürümü bildirirəm.
Çıxışlardan sonra videobağlantı formatında İğdır-Naxçıvan
qaz kəmərinin açılışı oldu.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və qardaş
ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdırda qaz
kəmərini işə saldılar.
Sonda xatirə fotosu çəkdirildi.
XXX
20:24
Bu dəqiqələrdə Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilir.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
xxx
17:51
Bu dəqiqələrdə Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilir.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
tag: Ankara,İqdır,Naxçıvan ,Qaz kəməri,İlham Əliyev,Rəcəb Tayyib Ərdoğan,todaypress.az,

