Azərbaycan və Şimali Kipr yaxın gələcəkdə: Yeni reallıqlarla üz-üzə...
“Yaxın gələcəkdə Azərbaycanda və Şimali Kiprdə yaşayan hər iki ölkənin vətəndaşları, tələbələri, akademik və digər peşə sahibləri üçün konsulluq xidmətlərinin göstərilməsi məqsədilə diplomatik nümayəndəliklərin açılması gözləniləndir”.
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezidentinin xüsusi müşaviri Gökhan Gülər bunu TodayPress-ə danışarkən bildirib.
O, ilk növbədə Bakıda ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda təşkil olunan beynəlxalq forumda Azərbaycan Prezidenti İlham Əliyevin ŞKTC ilə bağlı səsləndirdiyi fikirlərinə diqqət çəkib:
“Prezident İlham Əliyevin çıxışı Kipr türkləri tərəfindən böyük məmnuniyyətlə qarşılandı. Forum zamanı Azərbaycan lideri Cənubi Kipr Rum İdarəsinin Avropa İttifaqına üzv qəbul edilməsinin ədalətsizlik və ikili standart nümunəsi olduğunu bildirdi. İlham Əliyevin “Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik” sözlərini isə xüsusi vurğulamaq lazımdır. Kipr Türk xalqı İlham Əliyevin bu açıq və güclü dəstəyini alqışlayır, gələcəkdə diplomatik nümayəndəliklərin açılmasını arzulayırlar”.
Müşavirin sözlərinə görə, Azərbaycan və ŞKTC ortaq taleyə sahibdir – hər iki xalq illərlə işğal və zülmə məruz qalıb. Bundan başqa, iki ölkə arasında mədəni sahədə davam edən münasibətlərin siyasi səviyyəyə daşınması istiqamətində son illər mühüm addımlar atılıb. Ölkə liderlərinin təşəbbüsləri nəticəsində münasibətlər diplomatik müstəviyə çıxıb.
2022-ci ilin noyabrında ŞKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi qəbul olunması bu istiqamətdə atılan önəmli addımlardan biri olub. Həmin qərar məhz Türkiyə və Azərbaycanın dəstəyi ilə reallaşıb.
Gökhan Gülər bəyan edib ki, bu məqamda Azərbaycan Milli Məclisinin tarixi qərarını da xüsusi vurğulamaq lazımdır. Belə ki, 2024-cü il aprelin 5-də “Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Dostluq Qrupu”nun yaradılması ölkəmizin beynəlxalq səviyyədə tanınması istiqamətində parlament diplomatiyasının bir hissəsi olub, gələcəkdə dövlətlərarası rəsmi münasibətlərin formalaşmasına öz töhfələrini verib.
Bütün bunlar ŞKTC ilə Azərbaycan arasında əlaqələrin daha da gücləndiriləcəyinin və qarşılıqlı dəstəyin davam etdiriləcəyinin göstəricisi kimi qiymətləndirilməlidir.
Töhfə Səməd
tag: Gökhan Güler,Müşavir,Azərbaycan,Şimali Kipr,Todaypress.az,
