Azərbaycan və Özbəkistan prezidentləri görüşdülər - YENİLƏNDİ - FOTO
Siyasət
13.11.2024 14:42
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə
görüşüb.
TodayPress xəbər verir ki, Şavkat Mirziyoyev COP29-un
uğurla keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, bu tədbirin çox yüksək
səviyyədə təşkil olunduğu vurğuladı. Qeyd etdi ki, Özbəkistan Azərbaycana dost,
qardaş və müttəfiq ölkə olaraq buna sevinir. Ali qonaq dedi ki, Özbəkistanda Azərbaycana
xüsusi münasibət var.
İkitərəfli münasibətlərimizin inkişafında tarixi bir
dövrün olduğunu vurğulayan Özbəkistan Prezidenti ölkələrimiz arasında bu il
imzalanan müttəfiqlik münasibətləri haqqında Müqaviləni qeyd etdi. Şavkat
Mirziyoyev nümayəndə heyətlərimizin yaxından işlədiyini, qarşıya qoyulan layihələrin
uğurla icra edildiyini dedi.
Prezident İlham Əliyev ölkəmizə səfərə gələrək
COP29-da iştirak etdiyinə görə Özbəkistan dövlətinin başçısına təşəkkürünü
bildirdi.
İmzalanan sənədlərin önəminə toxunan Azərbaycan
Prezidenti dedi ki, yaşıl enerjinin inkişafı və ötürülməsi layihələrinin həyata
keçirilməsi əlaqələrimizin mahiyyətini göstərir.
Dövlətimizin başçısı Xankəndi şəhərində tikiş
fabrikinin inşası ilə bağlı layihəyə görə minnətdarlığını bildirdi və burada
xeyli sayda insanın işlə təmin olunacağının önəmini vurğuladı.
Söhbət zamanı Bakıda Özbəkistan Evi, Özbəkistanda isə
Azərbaycan Evi layihələrinin icrasından məmnunluq bildirildi, ölkəmizin Özbəkistanda
ticarət nümayəndəliyinin açılması, təhsil, maşınqayırma, inşaat, mədən, əczaçılıq,
pambıqçılıq, turizm sahələrində layihələrlə bağlı fikir mübadiləsi aparıldı.
Sonra Azərbaycan və Özbəkistan Prezidentlərinin
iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə
açılış mərasimi oldu.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Prezident Şavkat Mirziyoyev: Təbrik edirəm. Uğurlu
başlanğıcdır.
Prezident İlham Əliyev: Burada həm Azərbaycan dilində,
həm də özbək dilində yazılıb. Sözlər eynidir.
Bu fabrik birliyimizin daha bir rəmzidir. Mən qardaşım
Şavkat Miromonoviçə minnətdarlığımı bildirirəm ki, bizim özbək dostlarımız qısa
müddətdə Xankəndidə minlərlə insanın çalışacağı və təbii ki, mütləq əksəriyyəti
qadınlardan ibarət gözəl müəssisənin yaradılmasına kömək göstərdilər. Bu, məşğulluqdur,
bu, istehsaldır, bu, Qarabağın inkişafıdır. Özbək qardaşlarımız isə yenə burada
birincidirlər. Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular, işğaldan
azad edilmiş ərazilərdə belə böyük bir müəssisə yaratmaqda bizə ilk köməyi göstərdilər.
Mən Şavkat Miromonoviçə, bütün özbək dostlarımıza və
qardaşlarımıza belə qardaşlıq münasibətinə görə bir daha minnətdarlığımı
bildirir və bu müəssisənin açılışı münasibətilə sizi təbrik edirəm.
***
Qeyd edək ki, bu tikiş fabrikinin inşası Azərbaycan və
Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə
dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin
ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü
üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan
xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli
töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə
ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif
trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri
yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər
hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə
qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət
yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə
arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı
üçün yeni imkanlar açır və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi
möhkəmləndirir.
***
12.01
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə
görüşüb.
TodayPress xəbər verir ki, sonra Azərbaycan və Özbəkistan
prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı
vasitəsi ilə açılış mərasimi olub.
tag: Prezident, İlham Əliyev, Özbəkistan,Xankəndi, Tikiş Fabriki, Şavkat Mirziyoyev, todaypress.az,
![photo](/uploads/news/6734628964ac1.jpg)
![photo](/uploads/news/6734629b91be1.jpg)
![photo](/uploads/news/673462adbfab2.jpg)