Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
Siyasət
08.06.2024 13:44
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi
mətbuata bəyanatlarla çıxış ediblər.
TodayPress xəbər verir ki, əvvəlcə Misir Prezidenti
bəyanatla çıxış etdi.
Prezident Əbdülfəttah əs-Sisinin bəyanatı
- Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri
cənab İlham Əliyev.
Zati-alilərinizi və Sizi müşayiət edən nümayəndə
heyətinizi qəbul etməkdən xoşbəxtəm. Bu səfəriniz ikitərəfli əlaqələrimizin
möhkəmləndirilməsinə xidmət edir və yol açacaq. Eyni zamanda, Zati-alinizin Azərbaycan
Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən
təbrik edirəm. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyiniz münasibətilə də
ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə
keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə
xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər
ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və
infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin
iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin
önəmini qeyd etdik. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsini qərara
aldıq ki, iqtisadi-ticari sahədə əlaqələrimiz daha da inkişaf etsin.
Xanımlar və cənablar, regional məsələlər Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri ilə müzakirələr əsnasında diqqət mərkəzində
olub. Cənab Prezidentlə müzakirələrdə, eyni zamanda, Qəzzada fələstinli
insanlar üçün humanitar yardımların həcminin artırılması istiqamətində Misirin
səylərini müzakirə etdik və 1967-ci il iyunun 4-dən əvvəlki sərhədlər çərçivəsində
müstəqil Fələstin Dövlətinin yaradılmasının zəruriliyini vurğuladıq.
Cənab Prezidentə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin
təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi
bir daha bildirdim. Bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün
böyük töhfə olacaq. Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə
ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq.
Buyurun cənab Prezident, söz Sizindir.
x x x
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident, Zati-aliləri.
İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü
bildirmək istəyirəm. Qədim tarixə malik ölkənizdə olmağımdan çox məmnunam.
Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına
böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul
etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm
xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam
etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət
etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki,
Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə
həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu sahədəki təcrübəsini öyrənmək
üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar.
Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu
ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz
üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal
çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində
fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə
səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində
Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha
böyük imkanlara malik olmuşdur.
Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və
müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz
dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın
mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun
paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır,
müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll
olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki
səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə
alınmalıdır.
Eyni zamanda, biz Cənubi Qafqazdakı prosesləri də
müzakirə etdik. Mən bildirdim ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini
müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7
kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən
çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana
geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda,
hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər
halda Azərbaycan buna hazırdır.
Onu da bildirdim ki, Azərbaycan keçən ilin sentyabr
ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə
ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. Həmkarımın
diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində
sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.
İkitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin
artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik
ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ bizi
qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki,
bu istiqamətdə də bizə kömək edəcək. Əminəm ki, ilk növbədə, energetika, bərpaolunan
enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində
və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.
Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri
ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat
dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün
infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq
üçün çox gözəl imkanlar açılmaqdadır.
Birgə hökumətlərarası komissiyanın növbəti iclası
ilə bağlı nümayəndə heyətlərinin üzvləri bizə məlumat vermişlər. Komissiyanın
sonuncu iclası iki il bundan əvvəl Azərbaycanda keçirilmişdir. Yəqin ki,
komissiyanın növbəti iclası bu il keçiriləcək və prezidentlər tərəfindən
verilmiş bütün göstərişlər, əminəm, ciddi müzakirə ediləcək və beləliklə, biz əməkdaşlıq
istiqamətində növbəti önəmli addım atacağıq.
Hörmətli cənab Prezident, Zati-aliləri, mənə və
nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Əminəm ki, noyabr ayında Bakıda COP29 çərçivəsində biz
Sizinlə yenidən görüşəcəyik.
tag: İlham Əliyev,Əbdülfəttah əs-Sisi, Azərbaycan, Misir,Bəyanat, todaypress.az,