Azərbaycan və İran “Şimal-Cənub” dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirirlər
Siyasət
22.01.2025 22:11
Azərbaycanla İran “Şimal-Cənub” dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar.
TodayPress "IRNA"ya istinadən xəbər verir ki, bu barədə razılıq Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında əldə olunub.
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq iclasda
bildirib ki, "Şimal-Cənub" dəhlizi ölkənin ən mühüm tranzit
marşrutlarından biridir və burada Rəşt-Astara hissəsi əsas rol oynayır.
Onun sözlərinə görə, Rusiya və İran arasında yerləşən
Azərbaycan üç ölkə arasında yükdaşımalarda strateji mövqe tutur. Bu məsələdə
tam qarşılıqlı anlaşma dəhliz layihəsinin inkişafına və tamamlanmasına kömək
edir.
Qeyd edək ki, üçillik fasilədən sonra keçirilmiş iclasda
tərəflər preferensial ticarət, avtomobil və dəmir yolu daşımaları, həmçinin
ölkələr arasında aviareyslərin sayının artırılması haqqında bir sıra sazişlər
imzalayıblar. Həmçinin qeyd edilib ki, bu layihənin tamamlanması 15 milyon ton
tranzit həcminə çatmağa imkan verəcək.
Görüşdə İran və Azərbaycanın dəmir yolu qurumları
arasında Astarada dəmir yolu terminalının tikintisinin tamamlanması haqqında
saziş də imzalanıb ki, bu da “Şimal-Cənub” dəhlizinin reallaşdırılması yolunda
mühüm addım olacaq.
tag: Azərbaycan, İran, Şimal-Cənub, Rəşt-Astara, Nazir, todaypress.az,