Azərbaycan və Efiopiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin 3-cü iclası keçirildi
Siyasət
16.01.2025 23:56
15-16 yanvar 2025-ci il tarixində
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin
rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və
Efiopiya arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi məqsədilə Efiopiya Federativ Demokratik
Respublikasında səfərdə olub.
Bu barədə TodayPress-ə Azərbaycan XİN-dən
bildirilib.
Səfər zamanı Yalçın Rəfiyev Efiopiya Federativ Demokratik
Respublikasının Nazirlər Kabineti Ofisinin başçısı Alem Tsehay Paulos, xarici
işlər naziri Gedion Timotheos, ticarət və regional inteqrasiya naziri Kassahun
Qofe, kənd təsərrüfatı naziri Girme Amente, eləcə də Efiopiya İnvestisiya
Komissiyası və Efiopiya İnvestisiya Holdinqinin rəhbərləri ilə görüş keçirib,
ölkədəki sənaye parkları və infrastruktur layihələri ilə tanış olub.
Keçirilmiş görüşlər zamanı, Efiopiya Federativ Demokratik
Respublikasının Prezidenti Taye Atske Selassie-nin Bakıda keçirilmiş COP29-un
Liderlər Sammitində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı
aparlmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni səhifə
açdığı və yol xəritəsini müəyyən etdiyi vurğulanıb.
Həmçinin ticarət, sərmayə, kənd təsərrüfatı, turizm,
təhsil və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri müzakirə edilib,
müvafiq sahələrdə hüquq-müqavilə bazasının yaradılması və işçi qrupların təsis
edilməsi razılaşdırılıb. Qarşılıqlı ticarət missiyaların və biznes forumların
təşkil edilməsinin zəruriliyi qeyd edilib. Efiopiyada vətəndaşlara xidmət
mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan "ASAN
xidmət" konsepsiyası əsasında təsis edilməsi və bu istiqamətdə intensiv
işin davam etdiyi məmnunluqla ifadə edilib.
Səfər çərçivəsində həmçinin Azərbaycan Xarici İşlər
Nazirliyi ilə Efiopiya Xarici İşlər Nazirliyi arasında siyasi
məsləhətləşmələrin 3-cü iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan
tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Efiopiya tərəfindən
isə xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa rəhbərlik edib. Siyasi
məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama
Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri
müzakirə edilib.
Hökumət missiyasına Azərbaycan Respublikasının
İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi, AZPROMO, Azərbaycan İnvestisiya Holdinqi və SOCAR nümayəndələri
daxil olub.
tag: XİN, Azərbaycan, Efiopiya, Əməkdaşlıq, todaypress.az,