Azərbaycan ŞƏT-ə üzvlüyə niyə maraqlıdır? – RƏY

Siyasət

18.02.2025 14:26

2396

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin hər biri ilə ikitərəfli əsasda tərəfdaşlıq münasibətləri mövcuddur. Bu səbəbdən Azərbaycanın bu təşkilata marağı əsaslıdır”.

TodayPress xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayevin Hindistana səfərini şərh edərkən bildirib.     

Analitik qeyd edib ki, Nurlan Yermekbayevin Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzvlərin qəbulu məsələsinin müzakirəsi barədə xəbər yayılmasa da, bu mövzunun baş katibin diqqət mərkəzində olduğu aşkardır:

“Dehlidə qapalı müzakirələrdə təşkilata yeni üzvlərin qəbulu mövzusu da müzakirə olunması mümkündür. Çünki, hansısa dövlət Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq və ya müşahidəçi statusu qazanmaq istəyirsə, buna bütün üzv dövlətlərin razılığı lazımdır”.     

E.Şahinoğlu Qazaxıstanın Azərbaycanın təşkilatla sıx əməkdaşlığını dəstəklədiyini bildirib:

“Azərbaycan ilə ŞƏT arasında 2016-cı ildə əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin hər biri ilə ikitərəfli əsasda tərəfdaşlıq münasibətləri mövcuddur. Bu səbəbdən Azərbaycanın bu təşkilata marağı əsaslıdır. Digər tərəfdən Azərbaycan bölgənin regional nəqliyyat layihələrini əsas üzvüdür. ŞƏT ölkələri arasında isə əsas mövzulardan biri regional nəqliyyat layihələrinin reallaşdırılmasıdır. Azərbaycanın növbəti mərhələdə hədəfi ŞƏT-də müşahidəçi statusu almaqdır”. 

 Qiymət Mahir

tag: Şanxay,Politoloq,Elxan Şahinoğlu,Təşkilat,ŞƏT,Todaypress.az,

photo