Azərbaycan-Rusiya münasibətləri: YENİ DÖVR, YENİ MƏRHƏLƏ - Politoloq ŞƏRHİ

Siyasət

20.08.2024 10:59

“Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəmlənərək müttəfiqlik səviyyəsinə qalxıb”. 

Bunu TodayPress-ə danışan politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, təəssüf ki, son bir neçə ildə biz Rusiyanın daxildə olan qüvvələrin fərqli münasibətlərinin şahidi olurduq. Siyasi, hərbi və diplomatik zəmində onlar Azərbaycan üçün problemlər yaradırdılar: 

“Düzdür, bu, Rusiyanın siyasi Ali rəhbərliyinin mövqeyi deyildi, lakin həmin "quyruq bulayanlar" çalışırdılar ki, Azərbaycan-Rusiya münasibətlərini dolaşıq bir vəziyyətə salsınlar. Son 4 ildə isə demək olar ki, vəziyyət tarazlaşıb. 2022-ci il fevralın 22-də biz artıq Rusiya ilə müttəfiqlik haqqında bəyannaməni imzaladıq. Bu da müttəfiqlik yolunda atılmış ən böyük addımlardan biri idi. İndi elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək. Lakin bu hələ son deyil. Faktiki olaraq imkanlarımız daha böyükdür və biz daha böyük mənfəət əldə edə bilərik”. 

Analitikin fikrincə, Azərbaycan-Rusiya münasibətləri Avrasiya məkanında, həmçinin Qafqaz regionunda artıq  işlək bir amilə çevrilib. Azərbaycan hər zaman göstərib ki, niyyəti xoşdur və qonşularla məkirli deyil, əksinə şəffaf formada münasibət qurur: 

“Qayəmiz də ondan ibarətdir ki, tərəflər öz mənfəətlərini götürsün və xalqların rifahı üçün bu münasibətlər inkişaf etsin. Həmçinin etimad çərçivəsini daha da genişləndirək və göstərək ki, biz dostluq etməyi yaxşı bacarırıq. Hazırda müşahidə etdiyimiz proses də onu göstərir ki, Azərbaycan-Rusiya münasibətləri yeni keyfiyyət və kəmiyyət mərhələsinə qədəm qoyub”.

Azərbaycan-Rusiya siyasi münasibətlərinin yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də öz müsbət təsirini göstərir.

Töhfə Səməd

tag: Rusiya, Azərbaycan,Sülh, Münasibətlər, Tofiq Abbasov, Ali Rəhbər, todaypress.az,

photo