Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası keçirildi
Yanvarın 24-də İslamabad
şəhərində Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII
iclası keçirilib.
Bu barədə TodayPress-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
İclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Komissiyanın
həmsədri Vüqar Mustafayev və Pakistan İslam Respublikasının müdafiə, müdafiə
istehsalı və aviasiya naziri, Komissiyanın həmsədri Xavaca Məhəmməd Asif, hər
iki tərəfin nümayəndə heyətlərinin üzvləri, həmçinin digər rəsmi şəxslər
iştirak ediblər.
Komissiyanın həmsədri Xavaca Məhəmməd Asif Azərbaycan nümayəndə heyətini səmimi
salamlayaraq, iki qardaş ölkə arasında tarixi dostluq əlaqələri, uzunmüddətli
uğurlu əməkdaşlıq münasibətləri haqqında danışıb.
O, Pakistanın və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin
ölkələrimiz və xalqlarımız arasında dostluq bağlarının, müxtəlif sahələrdə
yüksək səviyyəli tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verdiyini qeyd
edərək, bu əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin aidiyyəti
qurumlarının göstərdiyi səyləri yüksək qiymətləndirib.Komissiyanın həmsədri Vüqar Mustafayev Pakistan Hökumətinə və xalqına
göstərilən qonaqpərvərliyə görə Azərbaycan nümayəndə heyəti adından təşəkkürünü
bildirib.
V.Mustafayev ölkələrimizi yüksək hörmətə və etimada, çoxillik dostluq və
qardaşlıq münasibətlərinə əsaslanan unikal əlaqələrin birləşdirdiyini qeyd
edib. Komissiyanın həmsədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz
Şərifin 2024-cü ildə qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız
arasındakı tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini, çoxşaxəli
əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini qeyd edib.
Nazir ötən il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)
uğurla ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, bu mötəbər və qlobal tədbirdə
qardaş Pakistanın fəal iştirakına görə minnətdarlığını bildirib. V.Mustafayev
Birgə Komissiyanın VIII iclasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı
yeni mərhələyə daşıyan mühüm məsələlərin səmərəli müzakirə edildiyini,
qarşılıqlı mənfəət üçün əlverişli mühitin yaradıldığını qeyd edib.
İclasda müdafiə sənayesi, informasiya və kommunikasiya texnologiyaları,
rəqəmsal idarəetmə və nəqliyyat, sosial innovasiyalar və dövlət xidmətlərinin
göstərilməsi ilə yanaşı, təhsil, elm, səhiyyə, kənd təsərrüfatı, ərzaq
təhlükəsizliyi, turizm, idman, gənclər, mədəniyyət və digər sahələrində
əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Tədbirdə Birgə
Komissiyanın növbəti IX iclasının Bakıda keçirilməsi qərara alınıb.
Sonda
Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının
yekununa dair Protokol imzalanıb.