Azərbaycan lideri: Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq
Siyasət
08.01.2025 04:33
Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq.
TodayPress xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Biz öz işimizi görməliyik və gündəliyimizi bundan
sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və
Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət
nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli
nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli
olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur.
Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə
qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini
gərginləşdirməmək. Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir.
Azərbaycan uzun illər bu siyasəti aparır" Prezident qeyd edib.
Prezident bildirib ki, Azərbaycan Cənubi Qafqazda faktiki
olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaradıb: "Bir tərəfimiz
Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük
coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə
olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb
dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə
bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik,
düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz
töhfəmizi əməllərimizlə veririk, çünki bəzən bu, bir qədər diqqətdən kənarda
qalır".
tag: İlham Əliyev, Prezident, Televiziya, Müsahibə, Azərbaycan,Xarici, Sİyasət,todaypress.az,