Azərbaycan BRICS-ə yönələrsə, bizi nə gözləyir? - Politoloqdan açıqlama
Siyasət
19.08.2024 14:09
“Azərbaycanın BRİCS-ə qoşulmaq istəyi strateji bir qərardır və doğru seçimdir” .
Politoloq Natiq Miri bunu, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunun ölkəmizin BRİCS-ə üzv olmaq istəməsi ilə bağlı bəyanatını TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırda qlobal dünyada inkişaf istiqamətlərində meyillənmə artıq Qərbdən Şərqə yönəlir. Bu konteksdə BRİCS xüsusi önəm daşıyır:
“Çünki BRİCS-in ümumi daxili məhsulu və strateji inkişafı tədricən Qərbi üstələməyə başlayıb. Bu, böyük bir perspektivdir. Həm maliyyə, həm iqtisadi, həm də bütün yöndə olan imkanlar baxımından BRİCS çox cəlbedicidir. Bu baxımdan təkcə Azərbaycan deyil, qardaş Türkiyə də BRİCS-ə çox əhəmiyyət verir. Hətta BRİCS-ə bərabərhüquqlu üzv olmaq üçün konkret müraciət belə edib. Ona görə də Azərbaycanın strateji yönü doğrudur”.
Politoloq hesab edir ki, sözügedən assosiasiyaya qoşulmaq üçün Azərbaycana yardım edəcək ölkələrdən biri də BRİCS-in əhəmiyyətli üzvlərindən biri olan Rusiyadır:
“Düşünürəm ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərində bu məsələ də gündəm olacaq. Ancaq bu o demək deyil ki, bu konteksdə Azərbaycan özünün strateji maraqlarından güzəştə getməlidir”.
Qeyd edək ki, Polad Bülbüloğlu Azərbaycanın BRİCS-ə üzv olmaq istədiyini "TASS” agentliyinə müsahibəsində bildirmişdi.
Günəş Mərd
tag: Azərbaycan,BRİCS, Rusiya, Putin,Bakı,Polad Bülbüloğlu, todaypress.az,
![photo](/uploads/news/66c319e0c141e.jpg)