Ali Baş Komandan Xankəndidə görülən işlərlə tanış oldu - FOTOLAR - YENİLƏNDİ
Siyasət
05.07.2024 16:45
İyulun 5-də Xankəndi
şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub. TodayPress
xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
Qeyd edilib ki,
hotel ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq
antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra
Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma
işlərinin həyata keçirilməsinə başlanıb. Yenidənqurma işlərindən sonra bina
ilkin görkəminə qaytarılıb.
Bildirilib ki,
hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək.
Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların
rahatlığı üçün hər cür şərait yaradılıb. Hotelə yaxın olan ərazidə abadlıq işləri
də görülüb.
***
Prezident İlham
Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace”
hotelinin açılışında iştirak edib. TodayPress xəbər verir ki, dövlət başçısına
hoteldə yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki,
hoteldə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da
yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300
qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı,
“Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və “Dəfnə” restoranları fəaliyyət
göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı
hovuz, idman zalı yaradılıb. Xankəndinin mərkəzində yerləşən “Palace” otelindən
açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.
***
Prezident İlham
Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə
tanış olub. TodayPress xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev ali
təhsil ocağında görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Bildirilib ki,
universitet binasının fasadında rəngləmə işləri aparılıb. Universitetin ərazisində
geniş abadlıq işləri görülüb. Binanın qarşısındakı park sökülərək müasir tələblərə
uyğun yeni park salınıb. Qeyd edilib ki, ölkənin və regionun ehtiyacları, həmçinin
beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə
Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət,
Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində
aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas
üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə
8 ixtisas üzrə SABAH qrupları yaradılacaq.
Qarabağ
Universitetinin loqo, brendinq və promo məhsullarının, sosial media
strategiyasının, tanıtım videoçarxlarının hazırlanması istiqamətində işlər
davam etdirilir.
Diqqətə çatdırılıb
ki, Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da
nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli
yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək
bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz
universitet şəhərciyi yaradılacaq.
***
Prezident İlham
Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. TodayPress xəbər
verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verilib.
Bildirilib ki,
Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikintialtı sahəsi isə 2 min
kvadratmetrə yaxın olacaq. Mərkəzin dörd mərtəbədən və bir zirzəmi qatından
ibarət binasında müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün zallar
olacaq. Burada əyləncə və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası
da yaradılacaq.
Dövlət başçısına
Konqres Mərkəzi ilə bir kompleksdə yer alan “Xankəndi” hotelinin layihəsi barədə
də məlumat verilib. Qeyd edilib ki, hotelin ümumi sahəsi 3800 kvadratmetr,
tikintialtı sahəsi isə 900 kvadratmetrdir. Hoteldə müxtəlif tipli 105 otaq
olacaq. Bundan başqa, burada ən müasir iaşə məkanları da yaradılacaq. Binanın
birinci mərtəbəsində “Lobby Lounge & Terrace” restoranı fəaliyyət göstərəcək.
Dövlətimizin başçısı
Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.
***
09.36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir
və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.
tag: Azərbaycan, Prezident, İlham Əliyev, Xankəndi, todaypress.az,