Akademik: “Türk dövlətlərinin qlobal miqyasda güclü olması zəruridir”

Siyasət

21.04.2025 12:00

7

“Türk dövlətlərinin ortaq təhsil və elm siyasətini inkişaf etdirərək regional və qlobal miqyasda daha güclü olması zəruridir”.   

TodayPress xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Bakıda Beynəlxalq Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sosioloji tədqiqat nəticələrinin təqdimatına həsr edilmiş beynəlxalq konfransda deyib. 

O bildirib ki, rəhbərlik etdiyi qurumun son illər həyata keçirdiyi mühüm layihələrdən biri olan “Türk Barometri” layihəsi sosioloji tədqiqat yolu ilə türk ölkələri arasında mövcud inteqrasiya prosesləri ilə bağlı cəmiyyətin rəyləri və gözləntilərinin müəyyən edilməsi məqsədi ilə aparılır.   

“Tədqiqatın ən mühüm nəticələrindən biri respondentlərin türk dövlətlərinin ali təhsil müəssisələrində birgə təhsil proqramlarının hazırlanması, professor-müəllim və tələbə mübadiləsi proqramları, müştərək elmi tədqiqat layihələri kimi konkret əməkdaşlıq fəaliyyətlərinin sürətləndirilməsi ilə bağlı fikirləridir. Həmçinin türk dövlətləri arasında təhsil və elmi əməkdaşlığın potensial istiqamətləri ölkələrə görə fərqlilik səviyyəsi də üzə çıxarıb”.   

Akademikin sözlərinə görə, tədqiqatın nəticələri elm və təhsil sahəsində türk dövlətləri arasında mövcud mübadilə proqramlarının tətbiqi ilə bağlı bəzi o qədər də ürək açmayan məqamları da ortaya çıxarıb.

Belə ki, türk dövlətlərində professor-müəllim heyəti və tələbələr arasında "Orhun" mübadilə proqramı haqqında son dərəcə az adam xəbərdardır.   

“Proqramın istifadəçilərinin ən yüksək göstəricisinin Azərbaycanda olmasına baxmayaraq (9,49%), respondentlərin əksəriyyəti (44,69%) bu proqramdan ümumiyyətlə məlumatsızdırlar.

Türkiyədə də "Orhun" Proqramından yararlananların nisbəti olduqca aşağıdır (1,87%). Bundan əlavə, bütün ölkələrdən olan iştirakçıların böyük əksəriyyəti proqramdan yararlanmayıb və ya rəyi soruşulanların 51,44%-nin, yəni yarıdan çoxunun proqram haqqında ,ümumiyyətlə, məlumatı olmadığı üzə çıxıb.   

Nəticə etibarilə, bu məqam, proqramın üzv dövlətlərin təhsil və elm ictimaiyəti tərəfindən kifayət qədər tanınmadığını göstərir və proqramın canlandırılması üçün müvafiq qurumlar tərəfindən lazımi addımların atılmasını zəruri edir”. 

Töhfə Səməd

tag: Şahin Mustafayev,Akademik,TDT,Tədbir,Todaypress.az,