Aİ qapılarını Türkiyənin üzünə açır: Regionda nələr dəyişəcək? - ŞƏRH

Siyasət

28.08.2024 14:30

“Türkiyə yaxın gələcəkdə Avropa İttifaqına (Aİ) üzv qəbul olunacaq” . 

Politoloq Elşad Həsənov bunu TodayPress-ə açıqlamasında deyib. Onun sözlərinə görə, artıq 29 ildir ki, Türkiyə Avropa İttifaqına üzvlüyə namizəddir:  

“Avropa İttifaqı bir xristian klubudur. Orada heç bir müsəlman ölkəsi yoxdur. Hazırda dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Türkiyə illərdir NATO-nun üzvüdür. Türkiyə ordusu NATO-ya üzv ölkələrin orduları sırasında ikinci ən böyük güclü ordudur. Bunu NATO da, Avropa İttifaqı da etiraf edir. Ancaq buna baxmayaraq, Avropa İttifaqı onu hələki üzvlüyə qəbul etməyib”. 

Analitik bildirib ki, indi Avropa İttifaqı bir çox məsələlərdə Türkiyədən asılıdır. Eyni zamanda Türkiyənin son illərdəki inkişafı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı xarici siyasət region üçün çox önəmlidir. Ona görə də Aİ onunla hesablaşmağa məcburdur: 

“Avropa İttifaqı bu səbəbdən xarici işlər nazirlərinin toplantısına Türkiyə XİN başçısı Hakan Fidanı da dəvət edib. Hesab edirəm ki, Aİ Türkiyə ilə aralarıındakı vəziyyəti yaxşılaşdırmaq istəyir. Bu Türkiyə üçün də bir fürsətdir. Hakan Fidan da həmin görüşdə dövlətinin maraqlarını bildirəcək və Avropa İttifaqı ilə aralarındakı münasibətlərin yaxşılaşması üçün lazım olan addımlar atacaq. Artıq Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər bərpa olunmağa başlayır. Hesab edirəm ki, bu cür davam edərsə, yaxın gələcəkdə Türkiyəni Aİ-yə üzv qəbul edəcəklər”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan beş ildən sonra ilk dəfə Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub. Bu addımın Aİ-nin Ankara ilə dialoqu bərpa etmək cəhdi olduğu bildirilir.

 Günəş Mərd

tag: Avropa İttifaqı,Türkiyə, Rəcəb Tayyib Ərdoğan ,Hakan Fidan, XİN, todaypress.az,

photo