ABŞ Türkiyəyə qarşı təsir imkanından istifadə etdi: Ağ Ev Suriyada terroçuları silahlandırdı - ŞƏRH
Siyasət
23.12.2024 17:05
“ABŞ Yaxın Şərqdə, xüsusən də Suriyada dayaq nöqtəsini itirməmək üçün PKK, YPG və PYD kimi silahlı qruplaşmaları dəstəkləyir”
Politoloq Samir Hümbətov bunu TodayPress-ə danışarkən bildirib.
O, diqqətə çatdırıb ki, hazırda Azad Suriya Ordusu, eləcə də Suriya hökuməti, yeni “Təhrir əl-Şam” Türkiyənin nəzarətindədir. Suriyanın özü isə dağınıq bir haldadır:
“ABŞ PKK-nın qolları YPG/PYD-ni ona görə silahlandırır ki, özlərini orada qoruyub saxlaya bilsinlər. Məncə, bu proses Trampın hakimiyyəti dövründə və ondan sonrakı mərhələdə də davam edəcək. Çünki Amerika orada gücünü itirmək istəmir. Bugün faktiki olaraq Suriyada əsas güc sahibi Türkiyədir. Yeni Suriya hökumətinin tərkibində Türkiyədən dəstək olan şəxslərin yer alması da, qardaş ölkənin buradakı ciddi nüfuzundan xəbər verir”.
Analitik hesab edir ki, ABŞ dövlət katibi Antoni Blikenin Türkiyə səfərindən sonra Ərdoğan ilə Suriya mövzusunda razılığa gəldiyini bildirsə də, görünən o razılıq hələ tam əldə edilməyib. Tərəflər sırf texniki məsələlərdə anlaşıblar.
“Hazırda Birləşmiş Ştatların PKK və YPG-yə dəstəyi davam edir. Vaşinqton bu addımı sırf orada təsir imkanı saxlamaq üçün atır”.
Qeyd edək ki, Türkiyə mediası ABŞ-nin Suriyada fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası (PKK) qruplaşmasına hərbi texnika və təchizat göndərdiyi barədə məlumat yayıb. Bildirilib ki, ABŞ-nin iki hərbi yük təyyarəsi bazar günü Həsəkəyə enib. Deyr əz-Zor bölgəsinə 60 zirehli maşın və yük maşınından ibarət karvanda hərbi yardım çatdırılıb.
Günəş Mərd
tag: Türkiyə, ABŞ, Suriya ,PKK, Samir Hümbətov, todaypress.az,