ABŞ rəsmilərinin İrəvan səfərinin pərdəaraxsı: Ermənistanda Gürcüstan ssenarisi?
Siyasət
19.06.2024 14:43
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinləri Ceyms O`Brayen və Riçard Verma Ermənistana səfər edib. Səfərin ikitərəfli əlaqələri gücləndirmək məqsədi daşıdığı bildirilsə də, şübhəsiz burada pərdəarxası məqamlar da var.
Hadisələrin gedişatına diqqət etsək, ABŞ rəsmilərinin bu səfərinin bir müddət öncə Gürcüstanda etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsindən və ya regionda Gürcüstanla bağlı planlarının alt-üst olmasından sonra baş tutduğunu görərik.
Vaşinqton Cənubi Qafqaza nüfuz etmək üçün indi də Ermənistandan istifadə edir? Gürcüstandan “əli üzülən” Qərbin, bu “xoşməramlı” səfəri nəyə dəlalət edir?
“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov bu barədə TodayPress-ə danışarkən bildirib ki, ABŞ rəsmilərinin son həftələrdə Ermənistana tez-tez səfərlər etməsi və müəyyən prinsipial razılaşmaların əldə olunması Gürcüstanla bağlı deyil. Çünki ABŞ-nin hələ də Gürcüstandan “əli üzülməyib”:
“ABŞ Gürcüstanı Rusiyadan uzaqlaşdırmaq üçün bundan sonra da əlindən gələni edəcək. Hətta lazım gələrsə Gürcüstanda hakimiyyəti dəyişməyə, növbəti hökumət çevrilişini reallaşdırmağa da əl ata bilər. Bunun üçün kifayət qədər imkanları da var”.
Analitikin sözlərinə görə, Ermənistan artıq körpüləri yandırıb və Rusiyaya yaxınlaşmaq istəyinin olmadığını, Kreml ilə münasibətləri əvvəlki səviyyədə saxlamaq istəmədiyini açıq şəkildə bəyan edib. ABŞ-də yaranmış vəziyyətdən maksimum istifadə etməkdə maraqlıdır:
“Artıq Ermənistanı KTMT-dən çıxmış saya da bilərik. İrəvan çox güman ki, yaxın bir neçə həftə ərzində bununla bağlı bəyanat verəcək. Bundan sonra ABŞ bütün qüvvəsini səfərbər edəcək ki, Ermənistan bu xəttdən imtina etməsin və daha kəskin addımlar atsın”.
Qərbin vasitəçiliyi ilə sülh sazişinin imzalanması istiqamətində aparılan danışıqlara toxunan Abutalıb Səmədov Qərbin bu məsələdə qeyri səmimi olduğunu vurğulayıb. Onun fikrincə, ABŞ Azərbaycandan ümidini tamamilə üzməyib:
“Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı aparılan danışıqların gedişində ilk dövrlər, 2022-ci ildə və 2023-cü ilin əvvəllərində rəsmi Bakı Qərbə üstünlük verirdi. Qərbin, xüsusilə, ABŞ-nin vasitəçiliyini yüksək qiymətləndirirdi. Çox təəssüf ki, sonradan ABŞ və onun Avropadakı müttəfiqləri açıq-aşkar ermənipərəst mövqe tutdular. Bu da öz növbəsində münasibətlərə mənfi təsir göstərdi. Ancaq bu Azərbaycanın bütövlükdə Qərbdən uzaqlaşması kimi qiymətləndirilə bilməz. Əgər ABŞ və Qərb bundan sonra ədalətli mövqe tutsalar, bu Azərbaycan hakimiyyəti tərəfindən qiymətləndiriləcək”.
Politoloq sonda əlavə edib ki, Qərbin bütövlükdə Cənubi Qafqazda möhkəmlənmək istəyi göz qabağındadır və o bunun üçün hər bir vasitədən istifadə etməyə hazırdır.
Günəş Mərd
tag: ABŞ, İrəvan, Gürcüstan, Rusiya,Alyans Şirkəti, todaypress.az,