ABŞ-nin uğursuz Əfqanıstan missiyası: Taliban hakimiyyətinin üçüncü ili

Siyasət

21.08.2024 16:15

Üç il bundan əvvəl ABŞ tarixində ən uzun və ən bahalı müharibə olan, 2 min 459 amerikalı əsgərin ölümü və 20 min nəfərin yaralanması ilə nəticələnən münaqişə möhtəşəm uğursuzluqla başa çatdı. Söhbət ABŞ-nin uğursuz Əfqanıstan missiyasından gedir.

TodayPress xəbər verir ki, ABŞ ekstremizmə qarşı mübarizə aparmaq və müharibədən sarsılmış ölkəyə sabitlik gətirmək üçün gəlsə də, təxminən 20 il sonra hər ikisində də uğursuzluğa düçar oldu. Amerikanın ən böyük səhvi isə o zaman Talibanın tam məğlubiyyətə uğramasına inanması idi. Bundan əlavə qisas almağa ac olan Talibanla nə barışıq, nə də danışıq yoluna əl atdı. Bununla da Corc Buş administrasiyası Əfqanıstanda iyirmi illik hakimiyyəti ləğv edəcək Taliban qiyamının toxumlarını səpmiş oldu.  

2001-ci ilin dekabrın əvvəlində Almaniyanın Bonn şəhərində əfqan və beynəlxalq rəsmi nümayəndələr arasında keçirilən konfransda, o zamanlar Əfqanıstanın cənubunda təşkilatlanmaq istəyən Həmid Kərzayinin başçılığı ilə müvəqqəti hökumət quruldu. Bundan sonra Kərzayi talibançılarla yaxın münasibət qurmağa başladı. Lakin məsələ planlaşdırılan kimi getmədi. Çünki ABŞ rəsmiləri Talibanın təslim olmasında maraqlı deyildi və güzəştə getməmək üçün əllərindən gələni edirdilər. Ağ Ev Molla Ömər (keçmiş Taliban rəhbəri) də daxil olmaqla, terrorçulara sığınacaq verənlərin ədalət qarşısında mühakimə olunacağını bəyan etdi.    

ABŞ rəsmilərinin mesajı aydın idi: Talibana qarşı müharibə davam edəcək və hər hansı siyasi kompramis söhbəti olmayacaqdı. 

Əfqanıstandakı qiyamın baş verməsinin qarşısı alına bilərdi. Əgər ABŞ rəsmiləri 2001-2002-ci ildə sülh imkanlarını əldən verməsəydi. 2001-ci ilin dekabrına qədər Taliban məğlub olmuş siyasi hərəkat idi və Kərzayi hökumətinə qarşı müharibə aparmaqda maraqlı deyildi. Lakin ABŞ liderləri Əfqanıstanın mürəkkəb siyasətinə çox az əhəmiyyət verirdilər. Onlar üçün Əfqanıstan abstraksiya, qlobal terrorizmlə mübarizə məkanı və Amerikanın qüdrətini başqalarına nümayiş etdirmək üçün bir yer idi.

Vaşinqtonun Əfqanıstandakı uğursuzluğu köklü Amerika patologiyasını əks etdirirdi. 2009-cu ildə prezident Barak Obama ölkənin unudulmuş müharibəsi üçün yeni strategiya vəd edərək, Əfqanıstana daha 50 min əsgər göndərdi. Bu yolla o, da özündən əvvəlki rəhbərlərin izi ilə getmiş oldu və Talibana barışıq üçün əl uzatmadı. Rəsmilər ABŞ-nin Əfqanıstanda tamamilə qalib gələcəyinə inanırdılar. Lakin Donald Trampın dövründə siyasi kurs dəyişdi və Talibanla birbaşa danışıqlara başlanıldı. Bundan sonra vəziyyət ABŞ-nin Vyetnamdakı uğursuz müharibəsi ilə eynilik təşkil etdi. 

Bu günki müharibələrdə də biz bunu müşahidə edirik. Məsələn HƏMAS heç vaxt yəhudi dövləti ilə barışmaq istəməyə bilər, lakin Fələstinin danışıqlar masası arxasında oturmaq üçün müxtəlif maraqları və siyasi məqsədləri var. Rusiya və Çin də həmçinin. 

Siyasi addımı düşünərək və məqsədli formada atmaq lazımdır. Yoxsa nəticələri heç də ürək açan olmur. Geriyə qalan isə uğursuzluq və minlərlə itirilmiş əsgər olur. 

Töhfə Səməd

tag: ABŞ, HƏMAS,Fələstin,Tramp, Taliban, Rusiya, Çin, todaypress.az,