ABŞ-nin Tibet siyasəti: Pekinə qarşı təzyiq artırılır - Politoloq AÇIQLADI

Siyasət

21.03.2025 15:10

1798

"ABŞ dövlət katibi Marko Rubio anti-Çin siyasətində Ağ Ev sahibi Donald Trampı xeyli üstələyib".
TodayPress xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Rubio senator olduğu illərdə Çini necə sərt tənqid edirdisə, dövlət katibi vəzifəsində də bu siyasətini davam etdirir.

"Donald Tramp Pekinin beynəlxalq aləmdə artan gücü ilə mübarizə aparmasına baxmayaraq, Çin lideri Si Cinpin və çinlilər barədə müsbət fikirlər söyləyir. Lakin Marko Rubio “Çindən asılı olduğumuz bir dünyada yaşamaq istəmirik” kimi ifadələr işlədir. Rubionun sözlərinə görə, ABŞ və Çin arasındakı münasibətlər bütün XXI əsr tarixinin ətrafında cərəyan edəcək amil olacaq. Dövlət katibi bəyan edib ki, Vaşinqtonun Pekindən asılı vəziyyətə düşdüyü hadisələrin inkişafı yolverilməzdir".
Analitik bildirib ki, Marko Rubio Tibetin mühacirətdə olan “prezidenti” Penpa Tserinqə məktub göndərərək, Pekini qəzəbləndirib. Məktubda ABŞ-nin tibetlilərin insan haqlarını təşviq etmək və qisas almaq qorxusu olmadan öz fundamental azadlıqlarını həyata keçirməkdə, o cümlədən dinc və ləyaqətli həyat sürməkdə kömək etməkdə sarsılmaz öhdəliyini təkrarlayıb.
"Bu məktub ABŞ-nin Tibet məsələsinə davamlı dəstəyinin nümayişi kimi qiymətləndirilib. Tibet “prezidenti” bildirib ki, Mərkəzi Tibet Administrasiyasının məqsəd və proqramları ABŞ-nin hazırkı hökumətinin məqsədlərinə və ən əsası Tibet xalqının daha böyük ambisiyalarına uyğun olmalıdır. Mərkəzi Tibet Administrasiyasının açıqlamasında USAİD-in yardımının dayandırılmasına baxmayaraq, ABŞ-nin bir çox platformalarda Tibetə dəstəyinin davam edəcəyi vurğulanıb". 
Politoloqun fikrincə, Marko Rubio Donald Trampın razılığı olmadan Tibetin “prezidentinə” məktub yaza bilməzdi. Çünki, Ağ Ev sahibi bilməliydi ki, bu məktuba Pekin sərt münasibət bildirəcək. 
"Tibetin mühacir hökumətinin “rəhbərinin” 60 ildə ilk dəfə - 2020-ci ildə Vaşinqtona səfərə dəvət olunması da Pekində böyük narazılıq yaratmışdı. 5 il əvvəl Ağ Ev və Dövlət Departamentində görüşlər təşkil edilmişdi.
Bundan başqa, Tibetin mühacir hökuməti Hindistan ərazisində yerləşib. Pekin onları separatçı hesab edir. Görünür, Vaşinqton Tibetin mühacir hökuməti ilə əlaqələri genişləndirmək üzərindən də Pekinə təzyiqi artıracaq" deyə analitik yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Vaşinqton,Çin,ABŞ,Marko Rubio,Donald Tramp,