ABŞ İranla savaşa hazırlaşır: “Hərbi texnikanın Ermənistana yerləşdirməsi…” – ŞƏRH
“ABŞ-nin hərbi texnikasını Ermənistan ərazisində yerləşdirməsi İrana hücum üçün hesablanıb”.
Politoloq Elçin Xalidbəyli bunu ABŞ-nin Ermənistana hərbi texnikanın ötürülməsi ilə bağlı Rusiyanın "RT" agentliyinin yaydığı məlumatı TodayPress-ə şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ-nin Ermənistana çoxlu sayda hərbi texnikanı daşıması maraq doğuran və olduqca təhlükəli hadisələrin yaxınlaşmasından xəbər verir.
“Hələlik ilkin məlumatlar ondan ibarətdir ki, guya həmin hərbi texnika Ermənistan və ABŞ arasında keçiriləcək hərbi təlimlərdə iştirak üçün nəzərdə tutulub. Ancaq buna indiki mərhələdə yalnız sadəlövhlər inana bilərlər. Çünki Ermənistan və ABŞ arasında keçirilə biləcək hər hansısa hərbi təlimlər bu qədər texnikanın daşınacağı səviyyədə böyük əhəmiyyət daşımaz. Yəni ABŞ-nin təlim üçün Ermənistan ərazisini seçməsi sadəcə qeyri-real bir məsələdir. Böyük ehtimalla Ağ Ev həmin ərazilərdən özünün hərbi strateji məqsədləri üçün istifadə etmək niyyəti güdür. Buna görə də çox sayda texnikanı Ermənistan ərazisinə hərbi təlimlər bəhanəsi ilə daşıyıb yerləşdirməyə çalışır”.
Analitik diqqətə çatdırıb ki, hazırda ABŞ İrana qarşı sərt təzyiqlər göstərməyə başlayıb. Hətta Ağ Ev lideri Donald Tramp İranla bağlı ən radikal adımların atıla biləcəyini vurğulayıb.
"Güman ki, ABŞ İranla savaşa hazırlaşır. Ağ Ev yaxın gələcəkdə Ermənistan ərazisindən İrana hücum etmək niyyətindədir. Əks halda ABŞ Almaniyadan öz hərbi texnikasını çıxarıb təlim bəhanəsi ilə Ermənistan kimi kiçik və ordusu heç bir hərbi təlim əhəmiyyəti daşımayan bir ölkənin ərazisinə daşımazdı. Çünki bir ölkədən digərinə texnikaların daşınması heç də kiçik məbləğlərə başa gəlmir. Tramp administrasiyasının bu məsələdə hər hansısa qazancı olmasa, Ermənistanla hərbi təlimlərə belə nəhəng məbləğlər xərcləməyə həvəs göstərməz".
E.Xalidbəyli nəticə olaraq bildirib ki, Ermənistan öz ərazisini ABŞ üçün açıb. ABŞ isə Ermənistan ərazisindən İrana hərbi zərbələr endirmək üçün istifadə etmək niyyətindədir.
Qeyd edək ki, Rusiyanın "RT" xəbər agentliyi ABŞ ordusunun Maddi-Texniki Təminat Komandanlığının mümkün Ermənistan-ABŞ hərbi təlimləri üçün Almaniyanın “Dülmen” hərbi bazasından Ermənistandakı poliqona hərbi texnika və müxtəlif növ texnika daşımağı planlaşdırdığı barədə məlumat yayıb. Bildirilib ki, diplomatik icazələrin mürəkkəbliyi səbəbindən nəqliyyat marşrutu Rusiya, Türkiyə və ya Azərbaycan ərazisindən keçə bilmədiyi üçün texnika Gürcüstan ərazisindən keçməklə, Ermənistana daşınacaq. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə Ermənistana mümkün hərbi texnikanın ötürülməsi ilə bağlı məlumatı şərh etməyib. Həmçinin Ermənistan Müdafiə Nazirliyi də hələlik bu barədə rəsmi açıqlama verməyib.
Töhfə Səməd
tag: Elçin Xalidbəyli,Politoloq,İran,ABŞ,Şərh,Todaypress.az,
