ABŞ Dövlət katibi: Azərbaycan və Ermənistan sülh razılaşmasını əldə etməyə yaxındır
Siyasət
10.07.2024 20:18
Vaşinqtonda keçirilən NATO
Sammiti çərçivəsində bu gün ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyanla görüşü keçirilib.
TodayPress xəbər verir ki, ABŞ
Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə
üçtərəfli görüşdə bildirib ki, Azərbaycan və Ermənistan sülh danışıqları
istiqamətində vacib işlər görüblər.
“ABŞ Avropa İttifaqı və digər
həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri
nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə
aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi
sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə
olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - deyə
A.Blinken qeyd edib.
tag: Antoni Blinken, Ceyhun Bayramov, NATO, Ararat Mirzoyan, todaypress.az,