ABŞ-dən müharibə anonsu: 3-cü dünya savaşı başlayır? – Politoloq şərhi

Siyasət

11.07.2024 14:40

“ABŞ dünyada böyük fəlakətin baş verəcəyi ilə bağlı qorxu hissi yaratmaq və insanları öz təsiri altına almaq istəyir”.

Bunu politoloq Tofiq Abbasov TodayPress-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, indi ABŞ öz lider mövqeyini itirmək üzrədir. Bu səbəbdən də müharibə anonsları verərək, digər ölkələrdə qorxu hissi yaratmağa çalışır: 

“Əgər onlar yaxın dövrlərdə müharibənin olacağı fikrini yayırlarsa, deməli həqiqətən də belə bir ssenari var. Əslində isə ən böyük plan Yaxın Şərqdə dəhşətli müharibənin gözlənilməsidir. Bu heç kəsə sirr deyil. 

Fikrimcə, Bayden hakimiyyətinə heç bir müharibə lazım deyil. O, artıq öz finiş xəttinə yaxınlaşıb. Amma Tramp müharibəyə səy göstərə bilər. Çünki Tramp yəhudi lobbisinin təsiri altındadır. Özü sistemli siyasətçi deyil, biznesmendir. Müharibənin biznes üçün əlverişli motiv olduğunu yaxşı başa düşür”. 

Analitik düşünür ki, müharibələr ABŞ-ni heç vaxt qorxutmayıb, əksinə sevindirib. Çünki ABŞ savaşlardan çox böyük dividentlər götürür:  

“Bu tək Birinci və İkinci dünya müharibələrində qazanılmış təcrübələrlə bağlı məsələ deyil. Vaşinqton, ümumiyyətlə, öz hüdudlarından kənarda olan savaşlara qatılır. Hətta onların meydana gəlməsinə vəsilə də olur. ABŞ adətən “harada aş, orada baş” prinsipi ilə hərəkət edir”.

Politoloqun fikrincə, ABŞ-nin pul vahidi olan dollar, indi əsas ehtiyat valyuta kimi öz dəyərini itirməkdədir. Bunun səbəblərindən biri də BRİCS-ə, ŞƏT-ə üzv ölkələrin bir qayda olaraq öz aralarında bağladıqları sazişlərlə maliyyə məsələsini milli valyutalarla həyata keçirməyə çalışmasıdır. Bu Ağ Evi ciddi narahat edən faktorlardan biridir.

Qeyd edək ki, ABŞ müdafiə nazirinin müavini Ketlin Hiks ABŞ və müttəfiqlərinin uzun sürən müharibələrə hazırlaşmalı olduğunu bildirib. 

Günəş Mərd

tag: ABŞ, Müharibə, Politoloq, Tofiq Abbasov,Bayden, Tramp, todaypress.az,

photo