"3+3" və MDB gündəmdə: Gürcüstan “Rusiyanın çətiri” altına qayıdır? - ŞƏRH
Siyasət
30.10.2024 17:15
“Parlament seçkilərindən sonra hər şey "Gürcü Arzusu"nun istədiyi kimi getsə, o, Müstəqil Dövlətlər Birliyinə (MDB) qayıtmayacaq”.
Politoloq Əhəd Məmmədli bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, artıq Gürcüstan müxalifəti "Gürcü Arzusu"nu “Rusiyanın çətiri” altına qayıtmaqda ittiham edir. Əgər iqtidar ölkəni MDB-yə qaytarsa, onların ittihamlarını təsdiqləmiş olacaq:
“Düşünürəm ki, "Gürcü-Arzusu" belə bir addım atmayacaq qədər müdrükləşib. Digər tərəfdən "3+3" formatında belə iştirak etməyən Gürcüstanın indiki halda MDB-yə qayıtmasını gözləmək də bir az sadəlövhlükdür. O, əvvəlcə “3+3”ə qayıtmalıdır”.
Analitik yaxın gələcəkdə Gürcüstan-Rusiya münasibətlərinin bərpa olunacağını da istisna etməyib:
“2008-ci ildə baş verən müharibədən sonra Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər dayandırılmışdı. Amma ticari-qtisadi və qeyri-rəsmi münasibətlər var idi. “Gürcü-Arzusu”nun qələbəsindən sonra isə bu münasibətlərin rəsmiyyətə doğru gedəcəyi daha çox gözləniləndir”.
Qeyd edək ki, 26 oktyabr Gürcüstanda keçirilən parlament seçkilərindən sonra MDB-nin baş katibi Sergey Lebedev Gürcüstanın Müstəqil Dövlətlər Birliyinə mümkün qayıdışına ümid etdiyini bildirib.
Xatırladaq ki, Gürcüstan parlamenti 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi səbəbindən ölkənin MDB-dən çıxması barədə qərar qəbul edib.
Bundan əlavə Gürcüstan Rusiyaya etiraz əlaməti olaraq “3+3” regional əməkdaşlıq formatında iştirakdan imtina edib.
Günəş Mərd
tag: Gürcü Arzusu, Gürcüstan, Seçki, Rusiya,MDB, todaypress.az,