1988-ci ildə Xankəndidə qovulan tələbələrin və öldürülən mülki şəxslərin sayı açıqlandı
Ermənistanın
hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit
İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan
cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam
etdirilib.
TodayPress xəbər verir ki, dövlət ittihamçısı Təranə Məmmədova
təcavüzkar müharibənin gedişində törədilmiş bir sıra konkret cinayət faktlarını
sadalayıb.
1988-ci ilin
fevralından başlayaraq Xankəndi şəhərində yerləşən Xankəndi Pedaqoji
İnstitutunda müəllim işləyən azı 17 pedaqoji işçi, habelə ali təhsil alan azı
17 azərbaycanəsilli tələbə məhz azərbaycanlı olduqları üçün məcburi qaydada
kütləvi şəkildə həmin institutdan qovulub.
1988-ci il fevralın 20-də -
Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan
SSR-ə verilməsi haqqında qərarın çıxarılaraq SSRİ Ali Sovetinə göndərilməsindən
cəmi bir gün sonra, yəni, 1988-ci il fevralın 21-də Əsgəran rayonu ərazisində
odlu silahlarla aramsız atəşlər açılması nəticədə Xankəndi şəhərinin dinc mülki
sakini Əhmədov Əhməd Bəhmən oğluna güllə yarası xəsarəti yetirilib.
1988-ci il iyulun
9-da milis orqanlarına daxil olmuş məlumat əsasında həmin ilin mart-aprel
aylarında Xankəndi şəhərində yerləşən Kondensator zavodunda müxtəlif qurğular
vasitəsilə kustar üsulla hazırlanmış silahlar və partlayıcı qurğular, habelə əl
qumbaraları aşkar edilərək götürülüb.
1988-ci il sentyabrın
20-də Xocavənd rayonunun Günəşli kəndinə odlu silahlardan və tüfənglərdən
istifadə olunmaqla edilmiş hücum nəticəsində həmin kəndin dinc sakini
Balakişiyev Məhəmmədəli Qəhrəman oğlu qəsdən öldürülüb.
tag: Ermənistan,Məhkəmə, Arayik, Vardaryan, Terror, Azərbaycan, todaypress.az,