15.05.2025. İstanbul: Taktiki gediş, yoxsa müharibəyə möhlət? – KARTLAR AÇILACAQ
“Rusiya prezidenti Vladimir Putinin heç bir ilkin şərt qoymadan Ukrayna rəsmiləri ilə Türkiyədə görüş təklifi səsləndirməsi ilk baxışda sülh təşəbbüsü kimi görünsə də, bu, əslində Moskvanın növbəti manipulyasiya cəhdidir”.
Politoloq Natiq Miri bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, bu təklif Rusiyanın müharibədə zaman qazanmaq niyyətinin daha bir təzahürüdür.
“Putin mart ayının 11-dən etibarən beynəlxalq ictimaiyyətin qarşısında qoyduğu 30 günlük atəşkəs təklifini faktiki olaraq sabotaj edib. Bu müddət ərzində heç bir real addım atılmayıb, əksinə, döyüşlər davam edib. Artıq Qərbdə, xüsusilə Avropa İttifaqı (Aİ) və ABŞ-də “Rusiya sülh istəmir” fikri getdikcə daha çox qəbul olunmağa başlayıb. Bu təsəvvür indi yalnız Ukraynanın deyil, ABŞ və Aİ-nin də ortaq mövqeyinə çevrilir. Rusiya prezidenti isə bunu çox gözəl anlayır”.
Analitik hesab edir ki, Putinin danışıqlar çağırışı real sülh iradəsinin göstəricisi deyil. Əksinə, bu təklif, Qərbin ortaq təzyiqindən yayınmaq, beynəlxalq ictimaiyyətin gözündə “sülhə meyilli lider” obrazı yaratmaq üçün ortaya atılıb.
Bu, zaman qazanmaq üçün düşünülmüş alternativ bir fikirdir. Putinin məqsədi yay aylarında Ukrayna ərazisində daha geniş işğal planlarını reallaşdırmaqdır. Onun üçün əsas məsələ mövsümi əməliyyatlar zamanı hərbi üstünlük qazanmaqdır.
“Rusiya rəhbərliyi son bir neçə ayda “Ukrayna danışıqları pozdu”, “Ukrayna təxribat törətdi” kimi bəhanələrlə məsuliyyətdən yayınmağa çalışır. Türkiyə vasitəsilə təşkil olunacaq görüşlər də bu ssenarinin davamı olacaq. Bu danışıqlardan real nəticə gözləmirəm. Hər şey göstərir ki, bunlar sadəcə vaxt uzatmaq üçün oynanan siyasi oyunlardır. Putinin məqsədi, ən azı payıza qədər mövcud status-kvonu qorumaq və yeni hərbi mərhələyə hazırlaşmaqdır”.
Ekspertin qənaətincə, beynəlxalq ictimaiyyət artıq bu “sülh təkliflərinin” əsl mahiyyətini anlamalı və Rusiya üzərində təzyiqləri daha da artırmalıdır. Əks halda, bu tip “sülh jestləri” ilə zaman qazanan Moskva, hərbi meydanda daha sərt reallıqlar yaratmaq üçün fürsət əldə edəcək. Bütün bu faktlar fonunda, Putinin danışıqlar təklifi sülhə doğru deyil, yeni toqquşmalara aparan yolun bir hissəsi kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 11-də çıxışı zamanı Ukrayna tərəfinə 2022-ci ilin yazında dayandırılan birbaşa danışıqları bərpa etməyi təklif edib. Rusiyanın bu təklifinə cavab olaraq, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, mayın 15-də atəşkəs elan olunacağı təqdirdə, özü şəxsən İstanbulda Putini gözləyəcək.
Zelenski əlavə edib ki, tam və uzunmüddətli hərbi əməliyyatların dayandırılması diplomatik danışıqlar üçün əsas şərtdir.
Töhfə Səməd
tag: Natiq Miri,Politoloq,Rusiya,Ukrayna,Todaypress.az,
