170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edildi

Sənaye və energetika

27.01.2025 15:25

Bakının Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibi müəyyən edilib.

TodayPress xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, 170 nömrəli marşrut üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

tag: Bakı,Binəqədi,Cəfər Cabbarlı,Memar Əcəmi,170,todaypress.az,