Zülal və lif rahat yuxunu dəstəkləyir

Sağlamlıq

24.02.2025 13:18

1974

Yaponiyanın Tsukuba Universitetinin alimləri müəyyən ediblər ki, zülal, lif və karbohidratlar daha sakit yuxuya kömək edir, yağlar və duz isə onun keyfiyyətini pisləşdirir. 

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

Tədqiqatçılar 4 825 insanın qidalanma vərdişlərini və onların yuxu keyfiyyətini izləyən mobil tətbiqlərin məlumatlarını təhlil edərək bir sıra qanunauyğunluqlar aşkarlayıblar.

Məlum olub ki, zülal və liflə zəngin qidalar daha dərin və uzunmüddətli yuxunu dəstəkləyir. Karbohidratlar da onun müddətinə müsbət təsir göstərir. Lakin avokado və zeytun yağında olan mono doymamış yağların həddindən artıq qəbulu yuxuya getməkdə çətinlik yaradır və gecə oyanmalarını artırır. Bunun əksinə olaraq, balıq və qoz-fındıqda olan poli doymamış yağlar insanın daha tez yuxuya getməsinə kömək etsə də, ümumi yuxu müddətini azaldır.

Alimlər həmçinin qidada natrium (duz) və kaliumun nisbətinin yuxuya təsirini araşdırıblar. Nəticələr göstərib ki, duzlu qidaların həddindən artıq istehlakı və meyvə-tərəvəzdən imtina yuxu problemlərinə səbəb olur.

Tədqiqatçılar qeyd ediblər ki, aşkarlanan əlaqələr birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Müxtəlif qida növlərinin yuxuya təsir mexanizmini daha dəqiq başa düşmək üçün əlavə araşdırmalara ehtiyac var.

Qiymət Mahir

tag: Yaponiya,Alimlər,Yağ,Duz,Todaypress.az,