Yumurtalıq mayesində mikroplastik: Qadınlarda yeni təhlükə
İlk dəfə olaraq insanın yumurtalıq mayesində mikroplastik hissəciklər aşkarlanıb.
TodayPress xəbər verir ki, bu barədə “Ecotoxicology and Environmental Safety” jurnalında dərc olunmuş yeni araşdırmada məlumat verilib.
İtaliyanın Salerno şəhərində sonsuzluq klinikasında köməkçi reproduktiv müalicə alan 18 qadının follikulyar mayesi analiz edilib və onlardan 14-də mikroplastik tapılıb.
Araşdırmanın müəllifi, Romadakı Sapienza Universitetinin tədqiqatçısı Luici Montano bildirib ki, bu nəticə mikroplastikin qadınların reproduktiv sağlamlığına təsirini anlamaqda mühüm addımdır:
“Bu kəşf bu yeni çirkləndirici maddələrin qadın orqanizminə nüfuz etməsinin ciddiliyini göstərən xəbərdarlıq siqnalı olmalıdır”.
Tədqiqatçılar hesab edir ki, mikroplastiklərə əsas məruz qalma mənbəyi qida məhsullarıdır. Son elmi araşdırmalarda bu hissəciklər ət və tərəvəz məhsullarında da aşkar edilib.
Mütəxəssislər mikroplastikin təhlükəli olduğunu bildirirlər, çünki onların tərkibində 16 minə qədər kimyəvi maddə, o cümlədən PFAS, bisfenol və ftalatlar kimi toksik birləşmələr var. Bu maddələr xərçəng, hormon pozğunluqları və dölə toksik təsirlər yarada bilər.
Mikroplastiklərin insan bədəninin demək olar ki, bütün hissələrinə yayıldığı və hətta beyinə və plasenta baryerinə keçə bildiyi qeyd olunur.
Qiymət Mahir
tag: Yumurtalıq,Qadın,Tədqiqat,Sağlamlıq,todaypress.az,