Xərçəngə qarşı peyvəndlər böyük nəticələr vəd edir
Sağlamlıq
04.01.2025 13:40
2025-ci il xərçəngə qarşı mübarizədə böyük nəticələr verə bilər, çünki bu xəstəliyə qarşı dərmanlar öz effektini göstərməyə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “The Economist” jurnalı məlumat yayıb.
Qeyd olunub ki, xərçəngə qarşı peyvəndlərin prinsipi şişləri tanımaq və onlara qarşı immunitet sisteminin stimullaşdırılmasına əsaslanır. Onları yaratmaq üçün anormal zülallar istehsal edən şiş hüceyrələrində mutasiyalardan (neoantigenlər) istifadə olunur. Alimlər ən ağır immun reaksiyaya səbəb olan neoantigenləri təcrid edir və bu cür məlumatlar əsasında orqanizmə zərərli hüceyrələrlə mübarizə aparmağı öyrədən RNT fraqmentləri ilə vaksin hazırlayırlar.
Bildirilib ki, hazırda dəri, beyin və ağciyər şişlərinə qarşı peyvəndlər üzərində tədqiqatlar aparılır. Belə bir peyvəndin yaradılması üçün şiş nümunəsi lazımdır.
Müəyyən bir xəstə üçün fərdi peyvəndin yaradılması təxminən altı həftə çəkir. İnkişaflar cərrahiyyə və kimyaterapiya ehtiyacını azalda bilər və gələcəkdə bu cür peyvəndlər xərçəngin qarşısını almaq üçün istifadə edilə bilər. Nəticədə, 2025-ci il xərçəng əleyhinə vaksinlərin kütləvi istifadəsi üçün dönüş nöqtəsi ola bilər.
Günəş Mərd
tag: Xərçəng ,Peyvənd, Vəd, Stimul ,todaypress.az,