ÜST-dən pandemiya XƏBƏRDARLIĞI

Sağlamlıq

25.04.2025 11:15

85

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyaların nəticələrinin müharibələrdən daha ağır ola biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress xəbər verir ki, o, bu fikirləri G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə səsləndirib.

Qebreyesus bildirib ki, COVID-19 pandemiyası təxminən 20 milyon insanın ölümünə səbəb olub və dünya iqtisadiyyatına 10 trilyon dollardan çox zərər vurub. Onun sözlərinə görə, pandemiyalar həm insanların həyatını, həm də iqtisadi təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

ÜST rəhbəri inkişaf etməkdə olan ölkələrə səhiyyə proqramları üçün ayrılan beynəlxalq yardımların azaldılmasından narahatlığını ifadə edib. Xüsusilə Afrika kimi bölgələrdə səhiyyə sistemlərinə təsirin ağır olacağını bildirib.

O, ölkələrin tütün və alkoqol vergiləri, ictimai səhiyyə sığortası və daxili resursların səfərbər edilməsi kimi yollarla yardım asılılığından çıxaraq daha dayanıqlı sistemlər qurmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, bir çox ölkənin hələ də güzəştli şərtlərlə kreditlərə ehtiyacı olduğu qeyd olunub.

Türkan İsgəndərli

tag: ÜST,Pandemiya,G20,Ölüm,todaypress.az,