Uşaqlarda artıq çəki hansı xəstəliklərinə səbəb ola bilər? – Araşdırma

Sağlamlıq

24.03.2025 11:50

2921

Avropanın ən nüfuzlu elmi tədbirlərindən biri olan Avropa Piylənmə Tədqiqatları Konqresində (ECO 2025, İspaniya, Malaga, 11-14 may) təqdim olunacaq yeni tədqiqat, uşaqlıq dövründə artıq çəki və piylənmənin gələcəkdə xroniki obstruktiv ağciyər xəstəliyi (XOA) riskini artırdığını ortaya çıxarıb. 

TodayPress xəbər verir ki, bu barədə “European Association for the Study of Obesity” (Avropa Piylənmə Tədqiqatları Assosiasiyası) məlumat yayıb.

XOA əsasən siqaret çəkmə ilə əlaqələndirilsə də, son illərdə alimlər ekoloji amillər, iş şəraiti və erkən yaş faktorlarının da bu xəstəliyin yaranmasında rol oynadığını vurğulayır. Yeni araşdırmanın əsas məqsədi uşaqlıq dövründə bədən kütlə indeksi (BKİ) dəyişikliyinin XOA inkişafına təsirini öyrənmək olub.

Danimarkalı alimlər 1930-1982-ci illər arasında doğulmuş 276 747 uşağın (137 493 qız) çəkisini və boy ölçülərini 6-15 yaş aralığında izləyib. Bu məlumatlar Kopenhagen məktəb tibb kartları reyestrindən əldə olunub. Statistik modelləşdirmə metodu ilə uşaqların beş fərqli BKİ trayektoriyası müəyyən edilib: ortalamanın altı, orta göstərici, ortalamanın üstü, artıq çəki, piylənmə.

Araşdırmada 1977-2022-ci illər arasında milli səhiyyə reyestrlərində qeydə alınmış 40 yaşdan yuxarı XOA xəstələri analiz edilib. Bu müddət ərzində 18 227 qadına və 15 789 kişiyə XOA diaqnozu qoyulub. Orta BKİ göstəricisi olan qadınlarla müqayisədə ortalamanın üstü BKİ olan qadınlarda XOA riski 10% daha yüksək olub. Artıq çəkili qadınlarda bu risk 26%, piylənməsi olan qadınlarda isə 65% daha yüksək qeydə alınıb.

Orta BKİ göstəricisi olan kişilərlə müqayisədə ortalamanın üstü BKİ olan kişilərdə XOA riski 7%, artıq çəkili kişilərdə 16%, piylənməsi olan kişilərdə isə 40% daha çox olub.

Diqqətçəkən məqam odur ki, orta göstəricidən daha aşağı BKİ-yə malik olan qadınlarda gələcəkdə XOA inkişaf riski 9% daha az olub.

Bu araşdırma göstərir ki, uşaqlıq dövründə artıq çəki və piylənmə təkcə ürək-damar və metabolik xəstəliklər deyil, həm də ağciyər xəstəlikləri üçün ciddi risk faktorudur. Alimlər hesab edirlər ki, erkən yaşlardan sağlam çəkiyə nəzarət olunması XOA və digər tənəffüs xəstəliklərinin qarşısını almağa kömək edə bilər.

Qiymət Mahir

tag: Piylənmə,Ağciyər xəstəlikləri,Artıq çəki,Uşaqlar,todaypress.az,