Uşaqlar toksik maddələrə məruz qalır

Sağlamlıq

15.04.2025 17:36

10

“Uşaq döşəkləri beyinə, nəfəs alma orqanlarına və hormonlara mənfi təsir edən kimyəvi maddələr yayır”.

TodayPress xəbər verir ki, bu barədə “Environmental Science & Technology” elmi jurnalında Toronto Universitetinin alimləri tərəfindən dərc olunmuş yeni araşdırmada qeyd olunub.

Tədqiqatçılar bildirirlər ki, bəzi uşaq döşəkləri fəlataatlar, antipirenlər (yanğının yayılmasını ləngidən maddələr) və ultrabənövşəyi filtrli kimyəvi birləşmələr ifraz edir. Bu maddələrin bəziləri intellekt səviyyəsinin azalması, yaddaş pozuntuları, astma və hətta xərçəng riskinin artması ilə əlaqələndirilir.

Araşdırmanın birinci mərhələsində alimlər 6 ay–4 yaş arası 25 uşağın yataq otağında havanın tərkibini ölçüblər. Nəticələr göstərib ki, çarpayıların yaxınlığında zərərli maddələrin səviyyəsi xüsusilə yüksəkdir.

İkinci mərhələdə isə 16 yeni uşaq döşəyi laborator şəraitdə test edilib. Alimlər uşağın çəkisini və bədən temperaturunu imitasiya etdikdə, bu döşəklərdən yayılan toksik maddələrin səviyyəsinin bir neçə dəfə artdığı məlum olub.

Ən narahatedici məqam ondan ibarətdir ki, döşəklərin əksəriyyətində rast gəlinən antipirenlər yanğın təhlükəsizliyi standartlarını keçmək üçün lazım deyil və heç bir real fayda daşımır.

Tədqiqat müəllifləri istehsalçıları tərkibdəki zərərli komponentlərdən imtina etməyə çağırır. Valideynlərə isə yataqda artıq yastıq, oyuncaqlar və qalın örtüklərdən imtina etmək, pijama və yataq dəstlərini tez-tez yumaq və tərkibində parlaq boyalar olmayan, neytral rəngli parçalara üstünlük vermək tövsiyə edilir.

Qiymət Mahir

tag: Uşaq,Toksik maddə,Araşdırma,Döşək,todaypress.az,