Ucuz diş pastalarının ZƏRƏRLƏRİ
Stomatoloqlar bazarda satışda olan ucuz ağardıcı diş pastalarının diş minası və diş ətləri üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.
TodayPress xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tip pastaların tərkibində iti kənarlı yeyici hissəciklər olur ki, onlar uzun müddət istifadə zamanı diş səthini cızaraq mina qatına zərər vurur.
Nəticədə, dişlərdə həssaslıq artır, çürümə riski yüksəlir və estetik görünüş pozulur.
Ucuz diş pastalarında istifadə olunan yeyici hissəciklər kobud və uclu səthə malikdir. Bu da onları təhlükəli edir. Premium kateqoriyalı məhsullarda isə sferik formalı, mina üçün zərərsiz komponentlərdən istifadə olunur.
Həkimlər həmçinin xəbərdarlıq edirlər ki, diş pastalarının tərkibində olan bəzi maddələr diş ətində allergik reaksiyalara səbəb ola bilər. Bu hallarda diş ətində şişmə, qızartı və həssaslıq müşahidə olunur.
Gigiyena vasitələrinin düzgün seçilməsi – xüsusilə də diş fırçasının sərtliyi və fırçalama texnikası – ağız sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir.
Diş fırçasının tükləri çox sərt olduqda, aşındırıcı təsir güclənir və diş əti ilə yanaşı diş minası da zədələnə bilər. Mütəxəssislər diş və diş əti üçün ən az zərərli olan yumşaq tüklü fırçaların istifadəsini tövsiyə edirlər. Bundan əlavə, stomatoloqlar tütün məhsullarının istifadəsinin də ağız boşluğu üçün ciddi fəsadlara səbəb olduğunu qeyd ediblər.
Belə hallarda xəstələrdə diş əti iltihabı, irinli proseslər və dişlərin vaxtından əvvəl tökülməsi müşahidə olunur.
Həkimlər vətəndaşlara diş pastası və digər ağız gigiyena vasitələrini seçərkən diqqətli olmağı, məhsulun tərkibini öyrənməyi və şübhə doğuran hallarda stomatoloji məsləhət almağı tövsiyə edirlər.
Nicat Osman
tag: Ucuz,Diş Pastası,Zərər,Sağlamlıq,Todaypress.az,