Toyuq ətini bişirəndə diqqətli olun!
Salmonella az bişmiş toyuq ətinin istehlakı nəticəsində yaranan epidemiyalara səbəb ola bilən bir bakteriyadır.
TodayPress xəbər verir ki, bu bakteriya həm insanlarda, həm də heyvanlarda infeksiyaya səbəb ola bilir.
Sözügedən bakteriya insanlara çox vaxt xəstə insanlar və ya heyvanlarla təmas nəticəsində və ya onların nəcisləri ilə çirklənmiş su və ya qida qəbulu ilə yoluxur.
Qida zəhərlənməsi amili olaraq tez-tez rast gəlinən salmonella, tif və paratif kimi sistemli infeksiyalara da səbəb ola bilir.
65 yaşdan yuxarı, 5 yaşdan aşağı və ya zəifləmiş immun sistemi olan şəxslərdə sadə qida zəhərlənməsi belə ciddi nəticələrə gətirib çıxarır.
Ona görə də şübhəli qida qəbul etdikdən sonra ilk 8-72 saat ərzində qarın ağrısı, ürəkbulanma, qusma, ishal və bəzən qızdırma kimi əlamətləri gözardı etməməliyik.
Araşdırmalar Salmonella bakteriyasının həm qırmızı, həm də ağ əti çirkləndirə biləcəyini göstərib.
Bundan əlavə, Salmonella bakteriyası toyuq yumurtalarını, çiy yumurtalardan hazırlanan mayonez kimi sousları, bir çox meyvə və tərəvəzi, hətta düzgün saxlanmayan qoz-fındıqları da çirkləndirə bilir.
Salmonella infeksiyalarından qorunmaq üçün gigiyenik tədbirlərin görülməsi vacibdir. Bunun üçün yeməklərə toxunmazdan əvvəl əllər ən az 20 saniyə sabunlu su ilə yuyulmalıdır.
Xüsusilə ət və tərəvəzlər etibarlı marketlərdən, tərəvəzçilərdən və ya qəssablardan alınmalıdır.
Qidalar istehlakdan əvvəl yaxşıca bişirilməlidir. Meyvə kimi çiy qidalar da istehlakdan əvvəl yaxşıca yuyulmalıdır.
tag: Toyuq ,Bakteriya,Salmonella,Bişirmə,Todaypress.az,