Süni dadlandırıcı beyində aclıq hissini artırır
Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, süni dadlandırıcı olan sukraloza iştah və bədən çəkisini tənzimləyən beyin bölgəsinin, yəni hipotalamusun aktivliyini artırır.
TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Nature Metabolism” jurnalında dərc olunub.
Təcrübədə iştirak edən 75 nəfər könüllüyə adi şəkərlə, digəri isə sukraloza ilə şirinləşdirilmiş iki su verilib.
Sukraloza şəkərdən 400–600 dəfə daha şirin olan süni maddədir və ərzaq sənayesində geniş istifadə olunur.
İçkiləri qəbul etməzdən əvvəl və sonra iştirakçılar beyinlərinin funksional MRT müayinəsindən keçib, qan analizi verib və aclıq səviyyələrini bildiriblər.
Nəticələr göstərib ki, sukraloza hipotalamusun fəaliyyətini gücləndirir və aclıq hissini artırır.
Bu təsir xüsusilə piylənmədən əziyyət çəkən insanlarda daha güclü müşahidə olunub.
Alimlərin fikrincə, sukraloza beyini “çaşdırır” və şirin dad hissi yaradır, amma bu dadın arxasında orqanizmin gözlədiyi enerji yoxdur. Araşdırma zamanı müəyyən olunub ki, şəkər qəbulundan sonra qanda hormon səviyyələri, o cümlədən insulin və GLP-1 (qlükaqonabənzər peptid-1) artır. Bu hormonlar orqanizmin beyinə kalori qəbulunu bildirməsi və aclıq hissini azaltması üçün vacibdir.
Sukraloza isə bu effekti yaratmır. “Bədən bu hormonlardan beyni kalori qəbulundan xəbərdar etmək və aclıq hissini azaltmaq üçün istifadə edir” – deyə araşdırmanın həmmüəllifi Ketlin Alanna Peyc bildirib.
Qiymət Mahir
tag: Süni,Dadlandırıcı,Beyin,Aclıq Hissi,artım,Sağlamlıq,Todaypress.az,