Soyuq vannalar yaşlanmanı ləngidir

Sağlamlıq

05.04.2025 11:40

908

Ottava Universitetinin alimləri müəyyən ediblər ki, cəmi bir həftə davam edən soyuq vanna prosedurları hüceyrə özünütəmizləmə prosesi olan autofagiyanı aktivləşdirir. 

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Advanced Biology” jurnalında dərc olunub.

Təcrübədə 10 sağlam kişi iştirak edib.

Onlar hər gün 14°C temperaturda olan suda bir saat müddətində qalıblar.

Qan analizləri göstərib ki, artıq dördüncü gündə autofagiyanın pozulması zamanı toplanan “p62” adlı zülalın səviyyəsi azalıb. Yeddinci günə qədər bu azalma davam edib, bu isə hüceyrələrin “cavanlaşmasının” sürətləndiyini göstərib.

Autofagiya, hüceyrənin zədələnmiş zülal və orqanoidləri parçalayıb yenidən istifadə etmə prosesidir. Bu təbii mexanizm orqanizmi yaşla bağlı dəyişikliklərdən, xroniki xəstəliklərdən və iltihablardan qorumağa kömək edir.

Tədqiqat zamanı eyni zamanda apoptoz, yəni zədələnmiş hüceyrələrin idarəolunan şəkildə ölümü ilə əlaqəli olan “kaspaza-3” fermentinin də aktivliyində artım müşahidə olunub.

Bu isə göstərir ki, soyuq vannalar həm də yararsız hüceyrələrin bədəndən uzaqlaşdırılmasını stimullaşdırır. Alimlər hesab edirlər ki, müntəzəm soyuq təsiri hüceyrələrin stresə davamlılığını artırmaqla yanaşı, yaşla bağlı prosesləri ləngidə və bir sıra xroniki xəstəliklərin simptomlarını yüngülləşdirə bilər.

Lakin tədqiqatçılar əlavə edirlər ki, bu nəticələrin təsdiqlənməsi üçün daha genişmiqyaslı, qadınları da əhatə edən araşdırmalara ehtiyac var.

Qiymət Mahir

tag: Kanada,Alimlər,Araşdırma,Soyuq Vanna,Sağlamlıq,Todaypress.az,